Modern.az

Bir nadan cavanın “ağsaqqal tövsiyəsi”

Bir nadan cavanın “ağsaqqal tövsiyəsi”

19 May 2015, 16:00

“Olur , olur, belə işlər də olur” silsiləsindən

Metro qatarı sürətlə şütüyür, öz sadiq və hövsələli sərnişinlərini mənzil başına çatdırmağa tələsirdi. Ara-sıra xanım diktorun müəyyən güzəştləri olan insanlara yer verilməsi zəruriyyəti ilə bağlı elanları səslənsə də, qarşımda oturan iki gənc nəinki bu çağırışa məhəl qoyur, hətta elanın mətnini lağa qoymaqdan belə çəkinmirdilər: “ Qocalara, uşaqlı qadınlara, yox bir, təzə ərə gedənlərə də durub yerimizi verməliyik”. Bu sözü deyən oğlan öz dediyindən ləzzət alırmış kimi hələ bir özünü erkək qaz kimi dartmağı da unutmadı. Təbii ki, bu haramzadaların hərəkəti ətrafdakıları xeyli əsəbləşdirirdi. Amma görünür hamı ( elə mən özüm də) işin axırını gözləməyi daha üstün tutmuşdu.

Stansiyaların birində vaqona yanında iki azyaşlı uşaq olan qadın daxil oldu və bu tərbiyəsizlərin oturduğu yerə meyillənsə də son anda fikrini dəyişdi, başqa səmtə üz tutdu. Oğlanlardan birinin “yaxşı qurtardıq, alə, gəlmədi bura” cümləsi ayaq üstə dayanan böyüklü-kiçikli hamının qəzəblənməsinə səbəb oldu. Elə bu vaxt növbəti stansiyaya çatan qatarın dayanması ilə bu cavanların da ayağa durması bir oldu. Ucaboylu, idmançı cüssəli oğlanlardan birinin qolundan ehmalca yapışıb qulağına bu sözləri pıçıldadım.

-Tələbəsiniz, nəçisiniz bilmirəm, hər kimsinizsə Vətənə layiq övladlar deyilsiniz. Biz heç vaxt sizin kimilərlə öyünə bilmərik.

Bir az da pafosla səslənmiş fikrimə dərhal cavab gəldi.

-Özündən muğayat ol, ağsaqqal!

Bir az kinayə, bir az hədə, bir az da saymamazlıq qatqılı bu “tövsiyə” doğrusu məni əməlli-başlı üşəndirdi, ilgiləndirdi.

Niyə görə?! Deməli bu cavanlar mədəniyyətsizliklərindən və mərifətsizliklərindən utanmaq əvəzinə yaşlı bir insanın ( mənə də oturmaq üçün yer göstərmədiklərinə heç heyfsilənmirəm də... ) ehmalca xatırlatmasını özlərinə məxsus ironiya ilə qarşılamışdılar. Təbii ki, metro qatarında, basabasda belə vicdan ağrısından uzaq heyvərələrlə polemikaya girməyə nə vaxtım var idi, nə də həvəsim. Amma doğrusu hər gün yüzlərlə yaşlı insanın, dünyanı başa düşən, dəyərləri qiymətləndirən və yaşatmaq istəyində olan vətəndaşların üzləşdiyi hadisələrdən birinin doğurduğu narahatlıq bu gün də canımdadır, sözün əsl mənasında məni üzməkdədir.

Bəzən belə üzdəniraq cavanların heç bir ölçü-biçiyə gəlməyən, milli-mənəvi dəyərlərimizdən uzaq hərəkətlərini görəndə ortaya bir çox suallar çıxır. Görəsən bu cavanlar ata-ana öyüdü, müəllim nəsihəti, tövsiyəsi eşitməyiblərmi? Belələri millətimizin əsrlər boyu yaşayan, inkişaf edən adət-ənənələrinə bələd deyillərmi? Heç bircə dəfə də olsa əllərinə kitab götürüb mütaliə etməyiblərmi? Harada böyüyüb, harada yetişiblər? Bu ölkəyə, bu şəhərə bir toxum kimi haradan düşüblər? Əgər uşaqlı qadına, hamilə gəlinə, ağsaqqala, ağbirçəyə beşcə dəqiqəliyə də olsa öz yerlərini güzəştə getmirlərsə, deməli, belələri Vətən sərhədlərində bircə gecənin yuxusuzluğundan da keçməzlər yəqin. Belə cavanlar, inanın, idmanla məhz ona görə məşğul olmurlar ki, sabah bayrağımızı hansısa ölkədə dalğalandırsınlar, ölkəmizin adını uca tutsunlar. Yalnız ona görə muskul yığırlar ki, “razborka” larda kiminsə çənəsini sındırsınlar, dişlərini yerə töksünlər. Bu cür tərbiyənin daşıyıcıları nə Elnurun, nə də Mübarizin yolunu gedə biləcəklər. Çünki mənəviyyat sarıdan qısırdırlar, vətənsevərlik, insansevərlik, böyüyə-kiçiyə hörmət duyğularından uzaqdırlar. Bunların günü ağızlarında saqqız, əllərində təsbeh avtobus dayanacaqlarında tum çırtlamaq, ona buna ilişmək, muskullarını oynatmaqla keçir. Amma hər halda cəmiyyət, ağsaqqallar, pedaqoqlar bu cür yeniyetmə və cavanlara qarşı biganə olmamalı, onları düzgün yola çəkməyə cəhd göstərməlidirlər.

Sonda böyük rus yazıçısı F. Dostoyevskinin bir kəlamı yada düşür: “ Əgər başqaları axmaqdırsa, mən də onların axmaq olduqlarını yəqin bilirəmsə - bəs onda niyə mən elə axmağam ki, onlardan ağıllı olmaqlarını istəmirəm?!

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?