Oktyabrın 23-də Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) parlament seçkiləri üzrə müşahidə missiyasının üzvlərini qəbul edib.
Modern.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, spiker qonaqları səmimi salamlayaraq onları parlamentdə görməyindən məmnun olduğunu bildirib. Qeyd edib ki, qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə Azərbaycanın sıx əlaqələri mövcuddur. Artıq 15 ilə yaxındır ki, bu təşkilat Azərbaycanda keçirilən seçkiləri müşahidə edir. Avropanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən ATƏT-lə əməkdaşlığın dərinləşməsi müstəqil Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.
Milli Məclisin Sədri Azərbaycan iqtidarının parlament seçkilərinin demokratik, şəffaf və azad şəraitdə keçirilməsində maraqlı olduğunu vurğulayıb. Bildirib ki, bu məqsədlə lazımi tədbirlər görülüb.
"Milli Məclis demokratiyanın ölkədə daha da dərinləşməsi üçün qanunvericilik aktlarına bir sıra dəyişikliklər etmişdir. Parlament qanunların Avropa standartlarına uyğunlaşdırılması üçün məqsədyönlü fəaliyyət göstərir, TVİNNİNQ proqramı çərçivəsində əməli addımlar atılır".
Sədr ATƏT-in müşahidə missiyasının seçki prosesinə obyektiv mövqedən yanaşacağına inamını ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkiləri üzrə müşahidə missiyasının rəhbəri xanım Odri Qlover seçki ilə əlaqədar ölkəmizdə keçirdiyi görüşlərdən söz açıb. Bildirib ki, görüşlərdə prosesin gedişi barədə missiya üzvlərinə ətraflı məlumat verilib. Onun təmsil etdiyi qurum namizədlərin qeydə alınması ilə əlaqədar artıq ilkin hesabatı təqdim edib. Missiya üzvləri prosesi izləməkdə davam edirlər.
Söhbətdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkiləri üzrə müşahidə missiyasının üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Modern.az