46 saylı Şirvan seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirdi. Bu gün Şirvan şəhərinin mədəniyyət sarayında baş tutmuş görüşə gələnlərin sayını rekord göstərici saymaq olar. Belə ki, saraya gələn seçicilərin sayı qat-qat çox olduğundan görüşü ayaq üstdə, hətta zaldan kənardan, foyedən izləyənlər də var idi.
Dövlət himni ilə başlayan görüşü namizədin vəkillərindən biri Təranə Əhmədova açıq elan etdi. O, çıxışına seçicilərin namizədə belə isti münasibətini Azay Quliyevin son beş ildə uğurlu deputatlıq fəaliyyəti, seçiciyə verdiyi önəm, onların qayğısına qalması və ən əsası, sözünün sahibi olması ilə əlaqələndirdi:
"Deputatın seçildiyi dairədən yenidən namizədliyini irəli sürməsi həmişə rast gəlinən hadisə deyil, eyni dairədən namizədliyini o deputat ikinci dəfə irəli sürür ki, onun yenidən seçici qarşısına çıxmağa üzü, deməyə sözü var. Azay Quliyev məhz o deputatlardandır ki, seçici qarşısına açıq alınla çıxa bilir, onlarla görüşə gəlir və hər görüşü belə izdihamlı alınır".
Gurultulu alqışlarla tribunaya qalxan deputatlığa namizəd Azay Quliyev ilk öncə görüşü ayaq üstə izləyən çoxsaylı seçicilərə təşəkkür etdi. O, tədbirlərinin izdihamlı keçməsindən gələcək fəaliyyətində daha aktiv olmağa ruhlandırdığını dedi və fəaliyyəti haqqında qısa məlumat verdi.
Əvvəlki görüşlərdə olduğu kimi, bu görüşdə də seçicilərə söz verildi. Və təbii ki, görüş polemik xarakter aldı. Seçici, şəhid anası Sevil Əliyeva beş il öncə olduğu kimi, indi də şəhər sakinlərinin seçki gününə xeyli qalmışa qədər öz qərarlarını qəbul etdiklərini dedi. O dedi ki, seçim əvvəlcədən bəllidir: bu, Şirvanın deputatı Azay Quliyevdir. Şəhər sakini Rəhimə Hüseynova seçicilərinin izdihamını görüb fikirlərini həmyerliləri ilə bölüşmək qərarına gəldiyini dedi. Onun sözlərinə görə Şirvandan deputatlığa namizədlərin sayının az olmasının bir səbəbi var, o da Azay Quliyev faktorunun mövcudluğudur.
"Mən onlarla şəhər sakini tanıyıram ki, deputatlığa namizədliyini irəli sürmək istəyində olub. Lakin Azay Quliyevin yenidən bu dairədən namizədliyi qeydə alınandan sonra bu fikirdən daşınıblar. Biliblər ki, Azay Quliyev kimi şirvanlılar tərəfindən sevilən bir namizədlə mübarizə aparmaq yersiz və nəticəsiz bir işdir"- deyən seçici onu da əlavə etdi ki, şirvanlıların deputatlığa namizədlə görüşə belə ruh yüksəkliyi ilə gəlmələrinin səbəbi həqiqətən də Azay Quliyevə olan böyük sevgi və ehtiramın nəticəsidir.
Seçici Oqtay İsayev bu ilin yayında şəhərin yaşadığı ağır günləri xatırlatdı. O bildirdi ki, həmin günlərdə şirvanlı kimi, daim şəhərin Kür daşqınlarından əziyyət çəkən hissəsində olub və hər dəfə Azay Quliyevi fəlakət zonasında camaatla birlikdə olduğunu görüb. "Mən orada deputatımızın necə həyəcan keçirdiyini gördüm. Amma qürur hiss keçirdim. Ona görə ki, şəhərimizin tək olmadığını, arxalı olduğunu anladım. Azay Quliyev məhz bu səbəbə görə bir daha bizim deputatımız olmalıdır."
|
|
|
|
|
|
|