105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva ilə rayonun ən böyük 3 kəndinin hər birində ayrı-ayrılıqda görüşləri keçirilib. Abulbəyli, Bozalqanlı, Aşağı Ayıblı kəndində yüzlərlə kənd sakinin qatıldığı görüşdə millət vəkili ötən beş illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb. Son 5 il ərzində Tovuz rayonunda və rayonun Abulbəyli, Bozalqanlı, Aşağı Ayıbla kəndlərinin simasının tamamilə dəyişdiyini deyən millət vəkili bildirib ki, kəndlərə qaz verilməsi təmin olunub, elektrik problemləri öz həllini tapıb, su təminatı ilə bağlı demək olar ki, problemlər tamam öz həllini tapıb, bu istiqamətdə bəzi kiçik problemlərin həlli istiqamətində də işlər gedir. Hər 3 kəndin abadlaşması istiqamətində xeyli işlər görülüb və bu istiqamətdə işlər davam edir. Aşağı Ayıbla kəndinin əsas yolları yüksək səviyyədə təmir olunub, kənddə yüksək səviyyəli 3 mərtəbəli məktəb binası tikilərək istifadəyə verilib, əkin sahələrinin suvarılması istiqamətində artezian quyuları qazılıb. Görülən bu işlər ölkə prezidentinin yürütdüyü siyasətin kəndlərimizdə görülən nəticələridir deyən Qənirə Paşayeva onun seçki dairəsinə daxil olan kəndlərin inkişafı və abadlaşması istiqamətində bir millət vəkili kimi əlindən gələni etdiyini deyib.
Millət vəkili hər 3 kənddə keçirdiyi görüşlərində deyib ki, bu kəndlər Tovuzun ən böyük və böyük ənənələri olan kəndləridir və Azərbaycan dövləti və xalqı üçün yüzlərlə böyük ziyalılar yetişdirib deyən Qənirə Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaradılması istiqamətində həyata keçirilən layihələr, bilik marafonları nəticəsində son 5 ildə hər il bu kəndlərdən ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. O, deyib ki, prezident İlham Əliyevin və Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə diqqəti nəticəsində Azərbaycanın hər bölgəsində olduğu kimi Tovuzda da çoxlu sayda məktəb tikilib, təhsilin keyfiyyətində əsaslı dəyişikliklər yaranıb. Millət vəkili onun təşəbbüsü və dəstəyi ilə artıq 5 ildir ki, Tovuz Televiziyası ilə birgə həm humunitar həm də dəqiq elmlər sahəsində bilik marafonlarının keçirilməsinin də rayonda və onun kəndlərində gənclər arasında təhsilə marağın daha da artmasına xidmət etdiyini vurğulayıb.
Deputatlığa namizəd vurğulayıb ki, 5 illik fəaliyyəti dövründə bu kəndlərin sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı 100-lərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib və bu kəndlərin sakinləri və ümumiyyətlə Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.
Görüşdə iştirak edən əslən Düzqırıqlı kəndindən olan professor, elmlər doktoru, böyük alim Qəzənfər Paşayev bildirib ki, Qənirə Paşayeva millət vəkili kimi son 5 ildə əslən Tovuz rayonundan olan Azərbaycanın çoxlu sayda şair və ustad aşıqların kitablarının çap edilməsinin təşəbbüskarı və dəstəkçisi olub. Aşıq Hüseyn Bozalqanlı, Aşıq Nəcəf, Aşıq Əkbər, Mikayıl Azaflı, Rasim Kərimli, Həsən Mülkülü, Məftun Əziz, İsa Cavaboğlu, Səlim Sinədəftər, Vəli Əhməd, Cavanşir Baxçalı, Fətəli Alıoğlunun və.s-lərinin kitabları nəşr olunub, yüksək səviyyəli yubileyləri, gecələri keçirilib. Onların arasında bu kəndlərdən çıxmış böyük ziyalılar da var.
Görüşdə iştirak edən onlarla kənd sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 5 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib. Görüş zamanı əhalisinə görə Tovuzun ən böyük kəndi olan Aşağı Ayıbla sakinləri Qənirə Paşayevadan rayon mərkəzindən uzaqda yerləşən kəndlərində bankomatın qoyulması istiqamətində kömək göstərilməsi məsələsini xahiş ediblər. Qənirə Paşayeva bildirib ki, bir neçə gün əvvəl parlamentdə hökumət üzvləri ilə birgə gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı o bu məsələni parlament səviyyəsində qaldırıb və iclasdan dərhal sonra ona bu məsələnin yaxın günlərdə öz həllini tapacağını bildiriblər. Millət vəkili deyib ki, yaxın günlərdə Aşağı Ayıblı kəndində bankomat quraşdırılacaq ki, insanların bu istiqamətdə problemləri bununla öz həllini tapacaq. Millət vəkili hökumətin yaxın zamanlarda regionlarda bankomatların sayının artırılması istiqamətində addımlar atmağı planlaşdırdığını və büdcə müzakirələri zamanı bununla bağlı açıqlamalar verdiklərini də vurğulayıb. Millət vəkilinin Aşağı Ayıbla kəndində seçiciləri ilə görüşündə ATƏT-in seçkiləri müşahidə missiyasının üzvləri də iştirak ediblər.
|
|
|
|
|
|