Modern.az

İTV-nin bu axşamki debatı: 5 deputat, 1 sabiq deputat, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Elçibəyin kürəkəni, YAP-çılar, bitərəflər...

İTV-nin bu axşamki debatı: 5 deputat, 1 sabiq deputat, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Elçibəyin kürəkəni, YAP-çılar, bitərəflər...

27 Oktyabr 2010, 11:01


Modern.az
-ın məlumatına görə, İTV-nin bu axşamki debatında canlı efirə çıxacaq deputatlığa namizədlər 35 Xətai üçüncü (6 namizəd), 44 Sumqayıt-Abşeron (11 namizəd), 69 Cəlilabad-Masallı-Biləsuvar (5 namizəd), 104 Gədəbəy-Tovuz (6 namizəd) seçki dairələrinində yaşayan seçicilərini 4 dəqiqə ərzində özlərinə inandırmağa çalışacaqlar.

35 Xətai üçüncü seçki dairəsindən efirdə bir sıra tanınmış simalar görünəcək: “Qarabağ” blokunun namizədi, hazırki deputat İqbal Ağazadə, “AXCP-Müsavat” blokundan mərhum Elçibəyin kürəkəni Aqil Səmədbəytli, istefada olan zabit Canmirzə Mirzəyev. Onlarla yanaşı, YAP-çı Elvin Qədirov, bitərəflər İlqar İmanov və Rüstəm Kərimov da çıxış edəcək.

44 Sumqayıt-Abşeron seçki dairəsindən İTV-də hər biri 4 dəqiqə danışacaq 11 namizədi görə biləcəyik. Onlardan biri – “Avropa qapıları” şirkətinin sahibi Baba Tağıyev hazırda da deputatdır. YAP-ı bu dairədən Məharət Xasayev təmsil edəcək. Digər namizədlər arasında siyasi qurumların dəstəklədiyi şəxslər var. Dünyamin Əhmədlini AMİP, Nəsimi Məmmədlini “Qarabağ” bloku, Arzu Şirinovanı “İslahat” bloku, dəstəkləyir.
Qalan 6 nəfər - Səxavət Əmrəliyev, Rəis Rəsulov, Akif Rəhimov, Hacı Salayev, İndira Şəmsivari, Ələddin Tağıyev- namizədliklərini özləri irəli sürüblər. Qeyd edək ki, Rəis Rəsulov  AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir və onu Müsavat Partiyası dəstəkləyir. "Yeganə" şadlıq sarayının sahibi Akif Rəhimov isə deyəsən namizədliyini geri götürüb.

69 Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən İTV-nin efirinə sabiq deputat, “Qarabağ” blokunun namizədi Qulamhüseyn Əlibəyli, indiki deputat “Demokratiya” blokunun namizədi Fəzail İbrahimli, YAP-çı İlqar Həsənov çıxacaq. Onlarla yanaşı studiyada bitərəflər Əhməd Babayev və Tofiq Paşayev əyləşəcək.

104 Gədəbəy-Tovuz seçki dairəsindən efirdə iki YAP üzvünü görəcəyik, onların hər ikisi hazırki deputatlardır: Rafiq Məmmdəhəsənov və Nazim Məmmədov. Birincini YAP dəstəkləyir, ikincinin namizədliyi Təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Bu dairədən “AXCP-Müsavat” blokunun nümayəndəsi Miryaqub Ağamirli, bitərəflər Müsəddin Bayramov, İsaq Həsənzadə, Aybəniz Qafarova və Sahib Məmməd də danışacaq.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə