Bu gün Həştərxanada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib. Prezidentlərin nümayəndə heyətlərinin iştirakı olmadan keçirilən Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.
Görüşdən sonra üç ölkə prezidenti humanitar xarakterli birgə bəyannamə qəbul ediblər. Bakı və İrəvan müharibə əsirlərini və həlak olanların meyitlərini dərhal bir-birinə qaytarmağa razılaşıblar. (Azadlıq radiosu)
Rusiya prezidenti Dmitri Medvedev üçtərəfli görüşdən sonra bildirib ki, münaqişənin həlli üzrə baza prinsipləri adlanan sənəd bu il dekabrın 1-i və 2-də Astanda ATƏT-in sammitində razılaşdırıla bilər. Amma Medvedev əlavə edib ki, tərəflərin hələ də ümumi prinsiplər adlanan sənəd üstündə fikir ayrılıqları qalır. Onun bildirdiyinə görə hər üç ölkənin xarici işlər nazirlərinə sənəd üzərində işi başa çatdırmaq göstərişi verilib.
***
Azərbaycan Ordusunun 2 hərbiçisi- kiçik çavuşlar Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
Azərbaycan vətəndaşı, mülki şəxs, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-də Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.
Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisinin meyiti də ermənilərin əlindədir. Bunlar Mübariz İbrahimov və Fərid Əhmədovdur.
Azərbaycanda isə bir Ermənistan vətəndaşının meyiti var.