Modern.az

Asim Mollazadə: “Məişət-kommunal sisteminin köklü islahatlara ehtiyacı var” ®

Asim Mollazadə: “Məişət-kommunal sisteminin köklü islahatlara ehtiyacı var”  ®

29 Oktyabr 2010, 18:19


Demokratik İslahatlar Partiyasının sədri, «Demokratiya» bloku tərəfindən namizədliyi 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürülmüş Asim Mollazadə “Bakı tikiş sənayesi” ATSC-nin həyətində seçicilərlə 7-ci kütləvi görüşünü keçirib. Namizəd seçicilərin problemlərini dərindən bildiyini, daim axtarışda olduğunu, ötən beş illik nailiyyətlərində seçicilərin böyük payı olduğunu bildirib. A.Mollazadə Nəsimi rayonunda görüləcək işlərdən danışarkən deyib: “Mən uzun illərdir ki, Nəsimi rayonunda yaşayıram. Sizin qarşılaşdığınız gündəlik problemlər, məndən də yan keçmir. Biz eyni binada yaşayır, eyni kommunal problemlərlə üzləşir, yerli məmurların vətəndaşların hüquqlarına laqeydliyindən eyni dərəcədə əziyyət çəkirik. Nəsimi rayonu şəhərin mərkəzini əhatə edir. Burada elə küçələr var ki, ora son illərdə az qala səkkiz dəfə asfalt çəkiblər. Amma mənim vətəndaşlarımın həyətlərinə çıxan yollar bərbad gündədir. Hətta elə küçələr vardı ki, ora asfalt axırıncı dəfə çar Nikolayın zamanında çəkilmişdi.

Biz çoxsaylı müraciətlərdən sonra nəhayət ki, həmin küçələrin asfaltlaşdırılmasına nail olduq. Amma yenə də elə küçələr var ki, ora hətta təcili yardım maşınları belə yaxınlaşıb xəstəyə ilkin tibbi yardım göstərə bilmir. Xarici qonaqların keçdiyi yolları dəfələrlə abadlaşdırırlar. Amma düşünmürlər ki, birdən qonaqlar təsadüfən başqa küçələrdən, məsələn, Novruzov qardaşları, Cəlil Məmmədquluzadə, Mərdanov qardaşları, 4-cü döngə və digərlərindən keçərlər, buradakı xoşagəlməz vəziyyəti görərlər. Biz də istəyirik ki, xaricilər şəhərimizdən xoş təəssüratlarla ayrılsın. Amma abad yollarla hərəkət eləmək burada illərlə yaşayan sakinlərin, hər gün palçığa bata-bata məktəbə gedən uşaqların da haqqıdır. Yol çəkmək, evlərin damını qırlamaq, su, istilik problemlərini həll etmək üçün dövlət büdcəsindən maliyyələşən müvafiq icra strukturları var, bələdiyyələr var. Amma sakinlər bu strukturların səhlənkarlığından əziyyət çəkirlər və deputata üz tutmalı olurlar. Biz də deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək, qanunları qəbul eləmək və büdcəni təsdiqləmək kimi təməl vəzifələrimizlə yanaşı seçicilərimizin məişət-kommunal problemlərinin həlli üçün məmurlarla mübarizə aparmalı oluruq. Nəhayət ki, bizim ölkədə hər kəs öz vəzifələrini bilməli və bunun öhdəsindən gəlməlidir».

Bakı şəhərində son illərdə baş verən tikinti bumundan danışan namizəd «Şəhərin abadlaşdırılması, yeni binaların tikilməsi yaxşı əlamətdir. Amma bu proses şəhərin simasına, arxitekturasına xələl gətirməməlidir. İllərlə uzanan tikintilər insanların rahatlığını pozmamalıdır» - deyib.       

Asim Mollazadə hərbi sənayenin inkişafı, Qarabağ, təhsil, səhiyyə, kommunal xidmətlər və digər prioritet sahələrdə görülməli işlərdən danışıb. 2000-ci ildə dövlət büdcəsi 950 milyon dollar olduğu halda, 2011-ci ilin büdcəsinin 16 milyard manat təşkil etdiyini xatırladan namizəd, büdcə vəsaitlərinin haqqında danışdığı prioritet sahələrə yönəldilməsinin vacibliyini vurğulayıb.

Sonra millət vəkili seçicilərin fikirlərini dinləyib, onları maraqlandıran suallara cavab verib. Görüşdə çıxış edən seçicilər də  Asim Mollazadəyə parlamentdə ölkəmizin və xalqımızın maraqlarını müdafiə etdiyinə, haqq səsimizin dünyada eşidilməsi üçün yorulmadan çalışdığına görə minnətdarlıq ediblər. 7 noyabrda seçkilərə məhz Asim Mollazadəyə səs vermək üçün gedəcəklərini bildiriblər. 

Seçki qərargahı

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə