İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti daxil olmuş məlumat əsasında məsafədən satış xidmətləri göstərən “Star Electro” MMC-nin fəaliyyəti ilə bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində “Star Electro” MMC tərəfindən istehlakçılara stasionar telefon vasitəsilə zəng edilərək, telefon nömrələrinin uduşa düşdüyü, aşağı qiymətə bir məişət avadanlığı aldıqları təqdirdə 3-4 müxtəlif növ məişət avadanlıqlarının hədiyyə ediləcəyi və həmin malları zəmanətlə almaq hüququnu əldə edəcəkləri kimi yanlış məlumatların verildiyi müəyyən olunub. Belə ki, “Star Electro” MMC tərəfindən istehlakçılara satılan məişət əşyalarının saxta olduğu, mallara verilən zəmanətlərə və bağlanılan müqavilələrə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edildiyi, təklif edilən mala görə tələb edilən məbləğin onun və verilən hədiyyələrin birgə real bazar qiymətindən çox olduğu aşkar olunub.