105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva ilə rayonun Qovlar qəsəbəsinin sakinləri arasında möhtəşəm görüş keçirilib. Yüzlərlə qəsəbə sakininin qatıldığı görüşdə millət vəkili ötən beş illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb. Son 5 il ərzində Tovuz rayonunda çoxlu sayda işlərin görüldüyünü deyən millət vəkili bildirib ki, qəsəbəyə qaz verilməsi təmin olunub, elektrik problemləri öz həllini tapıb, içməli su təminatı ilə bağlı problemlərin əksəriyyəti həllini tapıb və bu istiqamətdə işlər davam edir, əkin sahələrinin suvarılması istiqamətində artezian quyuları qazılıb, qəsəbənin bəzi yolları abadlaşdırılıb. Görülən bu işlər ölkə prezidentinin yürütdüyü siyasətin görülən nəticələridir deyən Qənirə Paşayeva onun seçki dairəsinə daxil olan Qovlar qəsəbəsinin və kəndlərin problemlərinin həlli istiqamətində bir millət vəkili kimi əlindən gələni etdiyini deyib.
Qənirə Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaradılması istiqamətində həyata keçirilən layihələr, bilik marafonları nəticəsində son 5 ildə Qovlar qəsəbəsi də daxil olmaqla Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. O, deyib ki, prezident İlham Əliyevin və Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə diqqəti nəticəsində Azərbaycanın hər bölgəsində olduğu kimi Tovuzda da çoxlu sayda məktəb tikilib, təhsilin keyfiyyətində əsaslı dəyişikliklər yaranıb. Millət vəkili onun təşəbbüsü və dəstəyi ilə artıq 5 ildir ki, Tovuz Televiziyası ilə birgə həm humunitar həm də dəqiq elmlər sahəsində bilik marafonlarının keçirilməsinin də Qovlar qəsəbəsi də daxil olmaqla Tovuz rayonunda gənclər arasında təhsilə marağın daha da artmasına xidmət etdiyini vurğulayıb. O, xüsusilə gənclər arasında vətənpərvərliyin artması istiqamətində həyata keçirilən layihələrin nəticəsində rayondan Ali Hərbi Məktəbə və Hərbi Litseyə daxil olan gənclərin sayının hər il surətlə artdığını bildirib.
”Bu gün Tovuz rayonu hərbi məktəblərə üz tutan gənclərin sayına görə ön sırada dayanır və bu bizim hamımızı sevindirir. Bizim həm savadına, həm də fiziki göstəricilərinə görə ən yaxşı gənclərimiz arasında hərbi məktəblərə üz tutanların sayının artması çox vacibdir və Tovuz gənclərinin bu istiqamətdə uğurları bizi sevindirir. Millət vəkili gənclər arasında vətənpərvərlik ruhunun daha da artması istiqamətində Milli Qəhrəmanlarımız haqqında çəkilən filmlərin də böyük rol oynadığın deyib. Onun təşəbbüsü və dəstəyi ilə Tovuz rayonundan olan bütün milli qəhrəmanlar haqqında sənədli filmlərin çəkildiyini, onlara təqdimat mərasimlərinin təşkil olunduğunu və televiziya kanallarında nümayiş olunduğunu vurğulayan Qənirə Paşayeva gələcəkdə də torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımız haqqında bu işlərin davam etməsinin zəruriliyini vurğulayıb”.
Deputatlığa namizəd vurğulayıb ki, 5 illik fəaliyyəti dövründə Qovlar qəsəbəsi sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı 100-lərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib və qəsəbə sakinləri və ümumiyyətlə Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq, Qovlar qəsəbəsi də daxil olmaqla Tovuz rayonunun mövcud olan bir sıra problemlərinin həlli istiqamətində əlindən gələni etməyə çalışacaq.
Qənirə Paşayeva Qovlar qəsəbəsinin və ümumiyyətlə Tovuz rayonun ziyalı rayonu olduğunu vurğulayaraq bildirib ki, rayonun tanınmış şairlərinin, ustad aşıqlarının, el şairlərinin 14-ə yaxın kitabının yüksək səviyyədə nəşr olunması, təqdimat mərasimlərinin, yubiley və gecələrin keçirilməsinə dəstək göstərib ki, burada da məqsəd həmin ustadları, həmin şəxsiyyətləri gənc nəsillərimizə, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza daha yaxından tanıtmaq olub. Bu insanların arasında Qovlar qəsəbəsindən olan Şair Vəli Əhmədin də nəfis şəkildə kitabı nəşr olundu, onun yüksək səviyyədə təqdimatı keçirildi və şairin gecəsi də təşkil olundu deyən millət vəkili vurğulayıb ki, bu həyatdan köçmüş şairin ruhuna böyük ehtiram olmaqla yanaşı onun yaradıcılığının bütün Azərbaycan insanına çatdırılması istiqamətində bir iş olub.
Görüşdə iştirak edən onlarla qəsəbə sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 5 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.
Seçki qərargahı