Modern.az

Asim Mollazadə: "... məmurlarla vuruşmalı oluruq..." ®

Asim Mollazadə: "... məmurlarla vuruşmalı oluruq..."  ®

Təhsil

3 Noyabr 2010, 18:32

22 saylı Nəsimi 2-ci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin müsahibəsi.


- Yenidən parlamentin astanasındasınız. Ötən beş ildə millət vəkili olaraq, özünüzə hesabat vermisinizmi? Bu beş ildə Sizcə necə millət vəkili oldunuz və nələri etmək istədiniz, amma edə bilmədiniz?

- Millət vəkilinin əsas işini biz üç istiqamətə bölmək istərdik: birinci istiqamət seçicilərin hüquqlarının müdafisəsi, seçiciləri narahat edən problemlərin həlli istiqaməti və hər zaman seçicilərin yanında olmaqdır. Mən seçildiyim dövrdən dəfələrlə seçicilərimlə kütləvi görüşlərim olub. Bununla yanaşı seçicilərin müraciəti əsasında müvafiq instansiyalara müraciət etmişik, onları narahat edən problemlərin həlli üçün çox şeyə nail ola bildik.

İkincisi,  düşünürük ki, seçicilərin problemlərinin həlli həm də ölkənin strateji problemlərinin həlli ilə bilavasitə bağlıdır. Biz bir neçə Azərbaycan üçün önəmli olan qanunların ictimai müzakirəsini təşkil edə, bu qanunlara töhfələrimizi verə bilmişik. Təhsil, şəhərsalma, sosial problemlərlə və Azərbaycanda ən hörmətli təbəqə kimi şəhid ailələrinin, müharibə əlillərinin, Azərbaycanın müstəqilliyi uğrunda yaxınlarını itirmiş insanların sosial müdafiəsi ilə bağlı təkliflərilə çıxış etmişik. Bu istiqamətdə qanunvericilik təşəbbüslərimiz və təkliflərimiz davam edəcək.

Millət vəkilinin üçüncü və çox önəmli iş istiqaməti ölkəmizi dünyada təmsil etmək, parlamentlərarası münasibətlər yaratmaq, bir sıra nüfuzlu ölkələrdə  Azərbaycanın problemləri barəsində həqiqətləri danışmaq və Azərbaycana dost qazanmaqdır. Biz fəaliyyətimizdə bu istiqamətə də çox böyük önəm veririk. Hər halda ötən beş il ərzində qarşıya qoyduğumuz hədəflərə nail olmağa çalışmışıq. Mən dəfələrlə Nəsimi rayonunda yerləşən məktəblərdə, poliklinikalarda, universitetlərdə, seçicilərlə kütləvi görüşlər keçirmişəm. Bununla yanaşı, seçicilərlə fərdi qaydada görüşərək onların problemlərini dinləmişəm. Həm bu görüşlər vasitəsilə, həm də özüm ərazini piyada gəzməklə ümumi vəziyyətlə tanış olmaq, mövcud problemləri parlament kürsüsündə dilə gətirmək imkanları əldə etmişəm. Bir çox seçicilərin problemlərinin həllinə yardım göstərmişəm. Müvafiq instansiyalara seçicilərin problemləri ilə bağlı sorğular göndərmişəm. Demək olar ki, əksər müraciətlərimizə müsbət cavab ala bilmişik. Bəzən də olub ki, seçicilər bizdən onlar üçün ev almağımızı, hansısa məhkəmə qərarlarının onların istəyinə uyğun olaraq dəyişdirilməsini istəyiblər. Biz isə çalışmışıq ki, bütün fəaliyyətimiz qanun çərçivəsində olsun. Təkcə qanunların pozulmasına istiqamətlənmiş arzuları yerinə yetirməmişik.

- Ölkədəki seçkiqabağı durumu necə qiymələndirirsiniz və  seçki kampaniyanızdan razısınızmı?

- Ölkədəki seçkiqabağı vəziyyət birmənalı deyil. Bəzi bölgələrdə bizim blok tərəfindən irəli sürülmüş namizədlərin qeydə alınması bir qədər problemli keçdi. Bununla yanaşı mən öz dairəmdə olan vəziyyəti dəyərləndirərək, deməliyəm ki, həm mənə, həm mənim rəqiblərimə bütün imkanlar yaradılıb. Görüşlərin keçirilməsi, seçicilərin görüşlərə gəlməsi üçün geniş şərait var. Media vasitəsi ilə biz seçiciləri fikirlərimiz, müdafiə etdiyimiz dəyərlər barəsində məlumatlandırırıq. Ümumiyyətlə isə deyə bilərəm ki, seçkiqabağı mühitdə müəyyən irəliləyişlər mövcuddur. 

- Siz hər zaman çıxışlarınızda insan dəyərlərini önə çıxarırsınız. Bu sizin ailədən aldığınız tərbiyənin nəticəsidir, yoxsa liberal düşüncələrinizdən qaynaqlanır?

- Mənə elə gəlir ki, liberal düşünmək bacarığı məhz ailədə aldığım tərbiyənin nəticəsidir.  Zənnimcə insan amili bütün məsələlərdən öndə getməlidir. Dövlət insana xidmət etməlidir. Siyasət insan naminə olmalıdır. Bizim əsas istəklərimiz Azərbaycan vətəndaşlarının azad və məsuliyyətli, bilikli və peşəkar, sağlam və güclü olması, sosial cəhətdən yaxşı müdafiə olunmasıdır. Yalnız ağıllı, savadlı, dünyagörüşlü, güclü vətəndaş güclü, qüdrətli, adı ilə fəxr edə biləcəyimiz dövləti yarada bilər.

- Siz çox önəmli məsələlərə toxunursunuz: gənclərin inkişafı, təhsilin səviyyəsinin yüksəlməsi, insanların sağlamlıqlarının təmin olunması. Bu günkü Azərbaycanda ən əvvəl həlli vacib olan məsələ nədir?

- Mən bu məsələlərin həllini kompleks olaraq götürmək istərdim. Bizim prioritet saydığımız bir neçə məsələ var. Bunlardan ən başlıcası insan amilinin inkişafıdır. Çünki qarşıdakı bütün problemlərin həlli məhz insan amilindən asılıdır. Bizim savadlı, güclü, problemləri dərk edən və onların həlli yollarını bilən, bunu etmək üçün özündə iradə hiss eləyən peşəkar insanlara ehtiyacımız var. Bizim prioritetlərimiz sırasında təhsil öndə gəlir. Biz istəyirik ki, savadsız diplomlular ordusu savadlı, bacarıqlı, peşəkar kadrlar ordusuna çevrilsin. Bu gün idarəetmədə hansısa problemlər varsa, deməli, biz yaxşı menecerlər hazırlayıb ortaya qoya bilməmişik. Binalar pis tikilirsə, deməli, yaxşı ustalarımız yoxdur. İstənilən ölkənin ən qiymətli sərvəti onun insanlarıdır. Biz də istəyirik ki, ölkəmizin vətəndaşları yaxşı təhsilə yiyələnsin. Bunun üçün təhsil islahatlarına, orta və peşə təhsilinin yeniləşməsinə, ali təhsildə Boloniya sisteminin uğurlu tətbiqinə böyük ehtiyac var. Digər prioritet məsələ səhiyyəmizlə bağlıdır. Son dövrlərdə müasir texnologiyalar, avadanlıqlarla təchiz edilmiş klinikalar açılır. Amma vətəndaşlarımız keyfiyyətli tibbi xidmət ala bilmir. Buna görə də dövlət büdcəsindən həm təhsilə, həm də səhiyyəyə ayrılan vəsaitlər vauçerlər şəklində birbaşa vətəndaşlara verilməlidir ki, onlar uşaqlarını hansı məktəbə qoyacaqlarını, hansı klinikada müalicə almaq istədiklərini özləri müəyyənləşdirsinlər. Nəticədə bu sahələrdə güclü rəqabət yaranacaq, kəmiyyət dəyişiklikləri keyfiyyətlə əvəz olunacaq. 

Bizim önəm verdiyimiz başlıca sahələrdən biri də şəhid ailələri, müharibə əlil və veteranları, aztəminatlı təbəqənin sosial rifahının yaxşılaşdırılmasıdır. Torpaqlarının 20 faizi işğal altında olan bir ölkədə bu təbəqə ən hörmətli təbəqə olmalıdır. Əks təqdirdə biz gənclərimizi vətənin müdafiəsinin müqəddəs bir iş olduğuna, onların zəhmətlərinin hədər getməyəcəyinə inandıra bilmərik. Qarabağın taleyi daha çox bu insanlara göstərilən münasibətlə bağlıdır.

- Sizə bəzən seçicilərin kommunal problemlərini həll etmədiyinizi, onlara ev tikmədiyinizi irad tuturlar. Doğrudanmı, millət vəkili seçicilərin bu problemlərini həll etməlidir?

- Millət vəkili seçicilərin bütün problemlərinin həllində fəal olmalıdır. Çox təəssüf ki, ölkədə kommunal məişət xidmətləri sistemində zəruri islahatlar tam keçirilmədiyindən, millət vəkili vətəndaşların, seçicilərin bu sahədə hüquqlarının müdafiəsi üçün məmurlarla mübarizə aparmaq məcburiyyətində qalır. Halbuki hər bir məmurun borcudur ki, vətəndaşların problemlərini öyrənsin, bunu həll etməyə çalışsın. Yol çəkmək, evlərin damını qırlamaq, su, istilik problemlərini həll etmək üçün dövlət büdcəsindən maliyyələşən müvafiq icra strukturları var, bələdiyyələr var. Amma sakinlər bu strukturların səhlənkarlığından əziyyət çəkirlər və deputata üz tutmalı olurlar. Biz də deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək, qanunları qəbul eləmək və büdcəni təsdiqləmək kimi təməl vəzifələrimizlə yanaşı seçicilərimizin məişət-kommunal problemlərinin həlli üçün məmurlarla vuruşmalı oluruq. Nəhayət ki, bizim ölkədə hər kəs öz vəzifələrini bilməli və bunun öhdəsindən gəlməlidir. Məmurlar bilməlidirlər ki, dövlət vətəndaşa xidmət etməlidir, vətəndaşlar dövlətə deyil. Eyni zamanda Azərbaycan vətəndaşının və hər bir gənc ailənin ev təminatı ilə bağlı müvafiq dövlət proqramı olmalıdır. Artıq dünyadakı maliyyə böhranı bitmək üzrədir. Deməli, gənc ailələr üçün ipoteka barəsində düşünmək lazımdır. Bazar iqtisadiyyatının verdiyi imkanlardan, dünya təcrübəsində sınanmış üsullardan istifadə edərək vətəndaşlarımızın evlə təminatına çalışmalıyıq».

Keçirdiyiniz görüşlərdə seçicilərinizdən müsbət enerji ala bilirsinizmi? Sizcə onlar sizdən razıdırlar?

- Mən seçicilərlə görüşlərdən həm müsbət enerji alıram, həm də bir çox bilgilər alıram. Əminəm ki, seçicilərim onları narahat edən məsələlər barədə danışırlar və gələcək fəaliyyətim üçün istiqamət verirlər. Problemlərin ifadəsi mənə imkan yaradacaq ki, öz fəaliyyətimi təkmilləşdirim və ölkədə gedən prosesləri daha dərindən duyum.

- Siz müharibə əleyhdarısınız və Qarabağ probleminin sülh yolu ilə həllinə əminsiniz. Sizcə üfüqdə sülh görünürmü və Azərbaycan buna necə nail olacaq?

- Bəli, mən müharibənin əleyhdarıyam. Eyni zamanda münaqişənin sülh yolu ilə həllinə imkan varsa, mütləq bu istiqamətdə işlərin davamlılığının tərəfdarıyam. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycan dövlətinin imkanları genişdir. Lazım olarsa, beynəlxalq dəstəklə Ermənistanı sülhə məcburetmə əməliyyatlarına hazır olmalıyıq. Hər bir sahə üzrə Azərbaycanın uğurları bizi sülhə yaxınlaşdırır. Mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və bölgədə sülhün, stabilliyin yaranmağına nail olacaq. Mən yenidən gənclərimizin müharibədə həyatlarını itirməsini, anaların göz yaşlarını görmək istəmirəm. Ərazi bütövlüyümüzün təminatı üçün ən əvvəl bütün sahələrdə ciddi islahatlar aparılmalı, ölkəmiz, ordumuz inkişaf etməlidir. Yalnız güclü dövlət, qüdrətli ordumuz olandan sonra düşmənlərimiz bizimlə hesablaşacaqlar, ədalət öz yerini tapacaq. 

- Neft amilini ölkənin gələcəyinin qarantiyası hesab edənlərdənsinizmi?

- Neft amili ölkənin inkişafı üçün çox mühüm bir amildir. 20-ci əsrin əvvəlində Azərbaycan məhz neft amilinə görə İslam və Türk dünyasının liderinə çevrildi. Bu neft gənc azərbaycanlıların Avropa və Rusiyanın ən yaxşı universitetlərində təhsil alaraq, İslam və Türk dünyası üçün işığın önəmini dünyaya sübut edə bildilər. Bu gün də bizim istəyimiz «qara qızıl»ı «insan qızılına» çevirməkdir. Hər bir azərbaycanlının, gənclərimizin dünyada gedən rəqabətdə lider olması üçün Azərbaycan öz enerji ehtiyatlarından istifadə etməlidir. Neft və digər təbii ehtiyatlar tükənə bilər. Bizim üçün tükənməyən sərvət insandır, Azərbaycan gəncliyidir. Azərbaycan gəncliyi ölkənin demoqrafik baxımdan ən əsas təbəqəsi olduğuna görə, bizim diqqətimiz məhz onun inkişafına yönəlməlidir. Bunun üçün Azərbaycan iqtisadiyyatı çoxşaxəli inkişaf etməlidir. Biz bütün gələcək ümidlərimizi sadəcə enerji daşıyıcıları ilə bağlaya bilmərik. Azərbaycan iqtisadiyyatında müasir, modern texnologiyaların tətbiqinə böyük önəm verirəm. Söhbət informasiya-kommunikasiya texnologiyalarından gedir. Azərbaycanın turizm və aqrar sahələri inkişaf etməlidir. Azərbaycan bölgənin nəqliyyat və ticarət mərkəzinə çevrilərək, öz iqtisadiyyatını çoxşaxəli inkişaf etdirə bilər. Azərbaycanda aqrar sektoru inkişaf etdirmək lazımdır ki, ölkənin ekoloji cəhətdən şübhəli olan, genetik modifikasiyaya məruz qalmış kənd təsərrüfatı məhsullarını idxal etməyə ehtiyac qalmasın. Vaxtilə Azərbaycan keçmiş SSRİ-nin bir sıra respublikalarını kənd təsərrüfatı məhsulları ilə təmin edirdi. İndi isə biz həmin məhsulları xaricdən almağa məcburuq. Ona görə də kənd təsərrüfatı sisteminin köklü islahatı aparılmalı, ölkəmiz sağlam gələcək üçün sağlam qida rejiminə riayət etməlidir. Biz neftə bizim inkişayımız üçün verilən imkan kimi baxmalıyıq. Neft gəlirlərindən digər sahələrin inkişafında vasitə kimi istifadə etməliyik.

- Sizə həm kifayət qədər radikal müxalifətdə olan keçmiş partiyanızda, həm də iqtidar dairələrində normal münasibət var. Kifayət qədər qarşılıqlı nifrətin mövcud olduğu Azərbaycan siyasi mühitində hamı ilə bərabər məsafədə dayanmağa necə nail olursunuz? 

- Biz azərbaycanlıları özümüzə qardaş görürük. Siyasi fikir ayrılığının və ya digər amillərin heç vaxt insani münasibətlərə təsir göstərməsinə imkan vermirik. İqtidarda və müxalifətdə olanların hər biri bizim qardaşlarımızdır, həmvətənlilərimizdir. Mən çox istərdim ki, Azərbaycan xalqına məxsus dini, etnik tolerantlıq siyasətdə də özünü biruzə versin, siyasi tolerantlığa çevrilsin. Ölkəmizin inkişafını Azərbaycanın Avropa sivilizasiya sisteminə inteqrasiyasında görürəm. Bunun da kökündə mədəniyyət amili dayanır.  Mədəniyyət deyəndə biz bunu geniş anlamda götürürük. Bura siyasi mədəniyyətdən tutmuş məişət mədəniyyətinə qədər daxildir. Mən çalışıram başqalarına münasibətdə mədəniyyət sərhədlərini aşmayım və hər kəslə etik çərçivədə davranım, sivil siyasi rəqabət qaydalarına riayət edim.

Seçki qərargahı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə