Modern.az

Seçicilər Rəbiyyət Aslanova barədə: "Görünən dağa nə bələdçi?”

Seçicilər Rəbiyyət Aslanova barədə: "Görünən dağa nə bələdçi?”

Təhsil

3 Noyabr 2010, 19:02


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 109 saylı Balakən seçki dairəsindən vahid namizədi, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Nurullah qızı Aslanovanın 7 noyabr parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə yüksək səviyyəli görüşləri davam edir. Qeyd edək ki, indiyənə qədər deputatlığa namizədin sözügedən dairəni əhatə edən ərazilərdə 25-ə yaxın görüşü keçirlib. Öz izdihamlığı, kütləviliyi və möhtəşəmliyi ilə keçən bu görüşlərdə təxminən 3500-4000-ə yaxın seçici, yerli sakin iştirak edib.

Onu da qeyd edək ki, deputatlığa namizədin növbəti görüşləri rayonun Talalar, Qazma və Yeni Şərif kəndlərində reallaşdırılıb. Talalar kəndində keçirilən görüşü açan YAP-ın Balakən rayon təşkilatının sədri Akif Uluxanov oktyabrın 15-dən parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verildiyini və bu baxımdan, təmsilçisi olduğu qurumun seçki qərargahının hakim partiyanın adıçəkilən dairədən vahid namizədi olan R.Aslanovanın təbliğat-təşviqat xarakterli görüşlərinə başladığını deyib. Onun sözlərinə görə, YAP budəfəki parlament seçkilərinə “Güclü dövlət, yüksək rifah!” şüarı ilə gedir ki, bunun da çox böyük və dərin mənası var: “YAP və indiki hakimiyyət Azərbaycanda güclü dövlət qurmaq niyyətindədir və əzmindədir. Demək olar ki, bu dövlət də qurulub. Eyni zamanda, YAP və indiki hakimiyyət güclü dövlət qurmaqla yanaşı, ölkəni, xalqı yüksək sosial rifaha qovuşdurmaq məqsədini qarşıya qoyub ki, artıq bu istiqamətdə də neçə illərdir çoxsaylı uğurlara imza atılıb və atılmaqdadır. Bildiyiniz kimi, seçkilər ayın 7-də olacaq. YAP bu dəfə də öz sıralarından tanınmış, nüfuzlu insanları vahid namizəd kimi müxtəlif seçki dairələrindən irəli sürüb. Onlardan biri də bu gün seçicilərlə görüşə gəlmiş YAP-ın 109 saylı Balakən seçki dairəsindən vahid namizədi Rəbiyyət xanım Aslanovadır. Rəbiyyət xanım Azərbaycanın tanınmış siyasətçilərindən, ziyalılarından, elm adamlarından biridir. O, bir millət vəkili kimi Azərbaycanı dünyada, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda layiqincə təmsil edən insanlardandır. İnanıram ki, Balakən seçiciləri bu dəfə də öz seçimlərində yanılmayacaq və bu dairə üzrə deputatlığa namizədlərin siyahısında adı birinci yerdə olan Rəbiyyət xanım Aslanovaya səs verəcəklər. Balakənlilər Rəbiyyət Aslanovaya səs verməklə Heydər Əliyev ideyalarını, bu kursun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləmiş olurlar. Təbii ki, bu amil ölkəmizin daha uğurlu gələcəyini təmin edəcək. Məlum olduğu kimi, 2008-ci il prezident seçkilərində də balakənlilər yüksək fəallıq göstərdilər. İnanıram ki, qarşıdakı seçkilərdə də bu aktivlik özünü daha qabarıq şəkildə büruzə verəcək”.

Deputatlığa namizədin vəkili, əslən Qazma kəndindən olan Rəşid Musayev öz çıxışına “Görünən dağa nə bələdçi?” atalar deyimi ilə başlayıb: “Başqa bir atalar məsələsində isə deyilir ki, hər şeyin təzəsi, dostun köhnəsi. Ötən 10 illik fəaliyyəti dövründə Rəbiyyət Aslanova hər birimizin dostu, canıyananı, sirdaşı olduğunu göstərdi, ortaya qoydu. İndi bizə başqası lazım deyil. Bu xanım dünyada gedən bütün prosesləri yaxından izləyir, bilir, eyni zamanda, onları ən ali kürsülərdən dilə gətirir. O, bir Azərbaycan xanımı, bir ana kimi diqqətə layiqdir. 3 övlad anasıdır və övladları da onun kimi öz dövləti, öz milləti üçün çalışırlar. Rəbiyyət xanım bir müəllim, bir alim kimi diqqətə layiqdir. Neçə illərdir Bakı Dövlət Universitetində dərs deyir, çalışır, hazırda kafedralardan birinə rəhbərlik edir. Çoxlu sayda elmi əsərlərin, monoqrafiyaların, kitabların müəllifidir. Həmçinin çoxlu sayda tələbələr yetişdirib, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edən şəxslərə elmi rəhbərlik edib və edir. Rəbiyyət Aslanova insan haqlarının müdafiəçisi kimi diqqətə layiqdir. Çünki neçə illərdir parlamentdə İnsan hüquqları komitəsinə rəhbərlik edir. Həmçinin hüquqları tapdalanmış insanların, xüsusilə erməni təcavüzkarlarının işğalı nəticəsində öz yurd-yuvalarını tərk etmiş, didərgin düşmüş qaçqın-köçkünlərimizin hüquqlarının bərpa olunması yönündə ciddi fəaliyyətlər ortaya qoyur. Bu məsələləri ən mötəbər beynəlxalq qurumların diqqət mərkəzinə gətirir. Bilirsiniz, o mötəbər məclislərdə çıxış etmək kənardan göründüyü kimi heç də asan deyil. Ona görə bizim üşün fərəhli haldır ki, təmsilçimiz olan bir xanım Azərbaycanı həmin mötəbər məclislərdə, bütün dünyada tanıda bilib və bilir. Rəbiyyət Aslanovaya səs vermək, YAP-ın siyasi xəttinə, əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı indiki ölkə başçısı İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən daxili-xarici siyasət kursuna səs verməkdir. Mən hamınızı bir daha Balakənimizin 10 ildən bu yana layiqli təmsilçisi olan Rəbiyyət Aslanovaya hamılıqla səs verməyə çağırıram”.

Deputatlığa namizədin digər vəkili Xəlifə Mirəliyev bildirib ki, bu gün Azərbaycan öz inkişafına görə nəinki bölgənin, o cümlədən dünyanın lider dövlətlərindən biridir. Eyni zamanda, Azərbaycan region və bütövlükdə dünya dövlətləri arasında öz sözünü deyən və onu qəbul etdirməyi bacaran bir dövlətdir: “5 il öncəyə dönüb baxsaq, görərik ki, həmin vaxtlar ölkəmiz, xüsusilə regionlarımız inkişaf cəhətindən bir az geridə qalırdı. Ancaq ötən 5 il ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən proqramlar, islahatlar nəticəsində Azərbaycan bütövlükdə görkəmini dəyişib. Azərbaycan görkəmini dəyişdiyi kimi, bu müddət ərzində doğma Balakənimiz də öz simasını dəyişib. Düzdür, müəyyən xırda problemlər qalmaqdadır, amma, demək olar ki, problemlərimizin əksəriyyəti tam həll olunub. Heç şübhəsiz ki, bu işlərin görülməsində 10 ildən bəri parlamentdə təmsilçimiz olan Rəbiyyət xanımın çox böyük əməyi, zəhməti var. Biz 2000-ci ildə ona etimad göstərib parlamentə seçdik. 2005-ci ildə onu bilərəkdən parlamentə üzv seçdik. Üçüncü dəfə isə onu sevərəkdən, istəyərəkdən seçirik. Daha doğrusu əminəm ki, alternativi olmayan bu xanıma noyabrın 7-də hamılıqla səs verib onu yenidən parlamentə seçəcəyik. Təsəvvür edin bizi təmsil edən bu xanım bütövlükdə Azərbaycanı dünyada tanıdır. Məgər bundan böyük xoşbəxtlik olarmı?”

Deputatlığa namizədin digər vəkili Şəfiqə Tütünçüyeva “bizlər fəxr edir, sevinirik ki, rayonumuzun belə bir millət vəkili var”, - deyə çıxışına başlayıb. Onun bildirdiyinə görə, artıq R.Aslanovanın geniş təbliğata ehtiyacı yoxdur. Çünki ötən 10 illik fəaliyyəti dövründə R.Aslanova hər zaman Balakənin, balakənlilərin yanında, onlardan bir olub. “Fəxr etməliyik ki, bizim deputatımız parlamentdə yalnız dinləmir, o, həm də daha çox qanun yazır, hazırlayır və dinlədir. Düz 10 ildir ki, o, bizimlə yol yoldaşıdır, bizimlə birgə addımlayır. Biz əvvəlki çağırış seçkilərdə Rəbiyyət xanımı daha çox təbliğ edirdik. Ancaq indi onun geniş təbliğata ehtiyacı yoxdur. İndi bizim ona daha çox ehtiyacımız var. Ehtiyacımız var ki, o, bizi parlamentdə yenidən təmsil etsin”, - deyə Ş.Tütünçüyeva sözlərinə əlavə edib.  

Sonra seçiciləri qarşısında çıxış edən deputatlığa namizəd R.Aslanova ilk öncə görüşdən məmnunluğunu ifadə edib: “10 ildir ki, sizinlə bir yerdəyəm, birlikdəyəm. Sizinlə ünsiyyətdən hər zaman xoş, müsbət anları, hissləri yaşayıram. Bura gələrkən məni əlində bir dəstə güllə bir gənc oğlan qarşıladı və dedi ki, bu il ilk dəfədir seçkilərdə iştirak edərək səs verəcək. Mən ani olaraq on il öncəyə qayıtdım. Həmin vaxt bu gəncin 8 yaşı var idi. Deməli, bu dövr ərzində belə bir fəaliyyət ortaya qoymalıydım ki, mənə etimad göstərən insanların etimadını doğrulda bilim. Bu gün tam məsuliyyət və qürur hissi ilə deyə bilərəm ki, bu 10 il ərzində sizlərin, seçicilərimin etimadını üzağlığı ilə doğrultmuşam”. Bir millət vəkili kimi, deputatlıq fəaliyyəti dövründə mütəmadi olaraq Balakəndə seçicilər arasında olduğunu, onların problemlərinin həlli istiqamətində çalışdığını və bu problemlərin tam əksəriyyətinin həllini tapdığını qeyd edən R.Aslanova, eyni zamanda, səlahiyyətləri çərçivəsində Azərbaycanı beynəlxalq təşkilatlarda, mötəbər, nüfuzlu qurumlarda təmsil, beynəlxalq ictimaiyyəti Azərbaycan, Qarabağ həqiqətləri ilə tanış etdiyini dilə gətirib: “Bunlar çox vacib və lazımlıdır. Bu gün dövlətimizin və xalqımızın ən böyük problemi 22 ildən bu yana davam edən, təcavüzkar Ermənistanın qeyri-konstruktivliyi üzündən həllini tapmayan Qarabağ problemidir. Bu elə bir məsələdir ki, heç kim bundan yaxasını kənara çəkməməlidir. Hər kəs bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalıdır. Hamı çalışmalıdır ki, bu problemin həlli istiqamətində dövlətinə, dövlət rəhbərliyinə kömək etsin”. Çıxışı zamanı Azərbaycanın nəinki regionda, hətta dünyada öz rolu, nüfuzu olan bir dövlət olduğunu xatırladan R.Aslanova MM-in İnsan hüquqları komitəsinin sədri kimi də hər bir vətədaşın hüquq və azadlıqlarının qorunmasını fəaliyyətinin əsas istiqamətlərindən biri hesab etdiyini vurğulayıb: “Bu gün ölkəmizin sosial-iqtisadi inkişafı üzrə çoxlu sayda dövlət proqramları qəbul olunur. Azərbaycan inkişaf edir, dünya miqyasında əsl söz sahibinə çevrilir. Bütün bunlar isə prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir. Dövlət başçısı qeyd edirdi ki, o hər bir Azərbaycan vətəndaşının prezidentidir. Vaxt ötdükcə hər bir insan bunun şahidi olur”. Çıxışında deputatlığa namizəd həmçinin təmsilçisi olduğu bölgənin unikal bir bölgə olduğunu söyləyib: “Mən fəxr edirəm ki, Azərbaycanın etnik-milli baxımdan zirvəsi sayılan bu bölgəsini, azərbaycançılığın məkanı sayılan Balakəni uzun illərdir ali qanunverici orqanda şərəflə təmsil edirəm. Eyni zamanda mənim üçün fərəhli haldır ki, dördüncü çağırış parlament seçkilərində də hakim partiyanın vahid namizədi kimi bu dairədən namizədliyim irəli sürülüb. Mən bütün beynəlxalq qurumlarda, o cümlədən ATƏT-in Parlament Assambleyasında hər zaman fəxrlə  bildirmişəm ki, təmsil olunduğum bölgə unikal bölgədir, onun tayı-bərabəri yoxdur. Çünki tayı-bərabəri olmayan bu bölgədə 27 millətin nümayəndəsi uzun illərdir birgə yaşayır, Azərbaycan xalqının və dövlətinin mənafeyi uğrunda birlikdə əzmlə mübarizə aparır. İndiyənə qədər burada yaşayan insanlar biri-birindən sən avarsanmı, sən ləzgisənmi, sən azərbaycanlısanmı, sən saxursanmı və sair deyə soruşmayıblar. Biz vahid, tamıq. Bunun da kökündə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bizə sərvət, miras qalan azərbaycançılıq ideyası dayanır”. Deputatlığa namizədin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda indiyə qədər heç zaman milli-etnik, eyni zamanda, dini zəmində qarşıdurma olmayıb və bundan sonra da olmayacaq: “Bu yaxınlarda mənə Macarıstandan, hazırda orada həbsdə olan vətənpərvər övladımız Ramil Səfərov zəng etmişdi. O mənə bildirdi ki, Rəbiyyət xanım, mənim adımdan seçicilərinizə deyin ki, sizə səs versinlər. Siz çox qiymətli insansınız, Azərbaycan xalqı və dövləti üçün çox böyük işlər görmüsünüz, onun dünyada tanınması üçün əlinizdən gələni əsirgəməmisiniz. Ona görə Balakən seçiciləri sizə səs versinlər. Mən isə dedim ki, Ramil, Allah qoysa, həbsdən azad olub gələrsən, bu sözləri özün seçicilərə deyərsən. Demək istəyirəm ki, fəaliyyətim boyu hər zaman Azərbaycanın, azərbaycanlıların hüquqlarının müdafiəsi uğrunda çalışmışam. Xalqıma, dövlətimə təmənnasız xidmət etmişəm. Özünüz də yaxşı bilirsiniz ki, şəhid Mübariz İbrahimovun nəşinin qaytarılması üçün Azərbaycan dövləti hansı addımlar atır. Bizim bu işdə nə qədər əziyyət çəkdiyimizi, hansı ağrılar, acılar yaşadığımızı bir Allah bilir. Biz bu məsələni təmsil olnuduğumuz beynəlxalq qurumlarda da dilə gətirmişik və tələb etmişik ki, onlar da öz növbəsində Mübariz İbrahimovun nəşinin Azərbaycana qaytarılmasına köməklik etsinlər. Bir sözlə, mənim fəaliyyətim sizin gözünüz qarşısındadır. Mən heç kəsdən, heç nədən çəkinməmişəm, çəkinmirəm və bundan sonra da çəkinməyəcəyəm. Mən söz verməyi də xoşlayan insan deyiləm. Ancaq çalışmışam ki, fəaliyyətim boyu xalqıma,  dövlətimə, seçicilərimə  ləyaqətlə, şərəflə xidmət edim. Nə etmişəmsə də, bu, mənim borcumdur. Mənim kimdənsə gizlədiləsi heç nəyim yoxdur. Mən bu günə kimi xalqım, dövlətim, seçicilərim üçün nə etmişəmsə çalışacağam ki, bundan sonra da əlimdən gələni xalqım, dövlətim, millətim, seçicilərim üçün əsirgəməyim”.

Sonra çıxış edən Talalar kənd sakini İslam müəllim bildirib ki, onların növbəti dəfə seçimləri yenə R.Aslanova olacaq: “Mən 42 ildir ki, Talalar kənd orta məktəbində müəllim işləyirəm. Hazırda direktor müaviniyəm. Çox xahiş edərdim ki, əgər növbəti dəfə millət vəkili seçilərsə, - buna da heç bir şübhəmiz yoxdur, - Rəbiyyət xanım kəndimizdə yeni məktəb binasının tikilməsi üçün öz köməkliyini göstərsin. Çünki məktəbimiz iki korpusda yerləşir. Hər gün uşaqlar küçədən bu tərəfə-o tərəf keçirlər. Bu isə bizdə narahatçılıq yaradır. Ona görə xahiş edirəm ki, bu məsələnin həllində Rəbiyyət xanım öz köməkliyini göstərsin. Son olaraq bir daha bütün balakənliləri seçkilərdə Rəbiyyət xanıma səs verməyə çağırıram”.

Xatırladaq ki, həmin gün növbəti görüş Qazma kəndində keçirilib. Deputatlığa namizəd seçicilər və kənd sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıb. Görüş zamanı çıxış edən kənd sakinləri 7 noyabr seçkilərində ən layiqli namizəd kimi R.Aslanovaya səs verəcəklərini və onu üçüncü dəfə parlamentə üzv seçəcəklərini bildiriblər. Seçicilər deputatlığa namizədin öz fəaliyyəti ilə onlar arasında böyük rəğbət və etimad qazandığını bildirərək, onun alternativi olmadığını söyləyiblər. Qazma kənd orta məktəbinin direktoru Əkrəm Eminov çıxışı zamanı bildirib ki, R.Aslanova öz uğurlu və geniş fəaliyyəti ilə Azərbaycanı dünyada tanıdıb: “Rəbiyyət xanım Azərbaycanın hər bir nöqtəsindən görünən deputatlardan biridir. O, hansı dairədən namizədliyini versə, inanıram ki, böyük səs çoxluğu ilə oradan millət vəkili seçilə bilər. Belə bir millət vəkili ilə fəxr etməyə haqqımız var. İnanıram ki, budəfəki seçkilərdə də Balakən camaatı hamılıqla Rəbiyyət xanıma səs verəcək və onun parlamentdə balakənliləri təmsil etməsinə nail olacaqlar”.

Həmin gün sonuncu görüş rayonun Yeni Şərif kəndində keçirilib. Bu görüşdə də deputatlığa namizəd yerli sakinlər, seçicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Kənd sakini Rəhim Tağıyev bildirib ki, bəlkə on il öncə “Rəbiyyət Aslanova kimdir?” deyərkən bunun geniş izahata ehtiyacı var idi. İndi belə bir izahata və təqdimata ehtiyac yoxdur. Çünki R.Aslanova bu dövr ərzində bir millət vəkili kimi Balakəni və balakənliləri parlamentdə layiqincə təmsil edib.

Kənd sakini Hacı Ömər Nuruyev isə qeyd edib ki, belə bir deputatı olan rayon və rayon əhalisi yalnız fəxr etməli, qürur hissi keçirməlidir.  “Ona görə bizim seçimimiz yalnız Rəbiyyət Aslanovadır”, - deyə o fikirlərini tamamlayıb.

Görüşdə iştirak edən kənd sakinlərindən Nəhayət Papaxova, Fatma Nooyeva, Əhmədxan Əhmədov və digərləri də R.Aslanovanın hərtərəfli fəaliyyətindən geniş bəhs edərək seçiciləri bir nəfər kimi yenidən ona səs verməyə çağırıblar.

Yeri gəlmişkən qeyd edək ki, R.Aslanova üçüncü çağırış parlamentin fəaliyyəti dövründə rəhbərlik etdiyi komitədə 2 minə yaxın vətəndaşı şəxsən qəbul edib. Eyni zamanda, onun iştirakı ilə 11 minə yaxın ərizəyə, şikayətə baxılıb, təhlil edilib və tədbir görülməsi üçün müvafiq instansiyalara göndərilib. Həmçinin komitə sədri kimi bu dövr ərzində 84 iclas keçirib, 114 məsələ müzakirə, 112 qanun layihəsini tövsiyə, 57 qanunu isə qəbul edilməsi üçün təqdim edib.

Deputatlığa namizədin seçki platformasından bəzi məqamlar:

- Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ probleminin ədalətli həlli, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, doğma torpaqlara “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası yönümündə ali qanunverici orqanın fəal iştirakının təmin edilməsinə təşəbbüs göstərilməsi; 

- şəhid ailələrinin və müharibə iştirakçılarının, habelə döyüş əməliyyatlarında sağlamlığını itirmiş şəxslərin, eləcə də valideyn himayəsindən məhrum olunmuş uşaqların maddi və sosial rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlərin görülməsi;

- vətən uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış balakənli qardaş və bacılarımızın ruhuna təsəlli olacaq tədbirlərin görülməsi, vətənin azadlığı, bütövlüyü naminə canından keçənlərin adlarının əbədiləşdirilməsi;

- cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, vətəndaşların hüquq və azadlıqlarının qorunması, bu sahədə nöqsanların aradan qaldırılması istiqamətində səylərin artırılması, əhalinin bu sahədə problemlərinin yerində və vaxtında öyrənilməsi, lazımi operativ tədbirlərin görülməsi və sair.

Deputatlığa namizədin seçicilərə müraciəti:

Əziz seçicilərim!

7 noyabr 2010-cu il qarşıdakı 5 il üçün seçim etdiyiniz məsuliyyət anı olacaq. Sizin ədalətli seçim edəcəyinizə inanıram, namizədin fəaliyyətinə, cəmiyyətdəki yerinə dəyər vermək bacarığınıza arxalanıram. Balakınlilərin doğru seçim edəcəklərinə güvənirəm. Ümid edirəm ki, hər bir balakənlinin seçimi xalqımızın, dövlətimizin bu gününə, uğurlu sabahına, gələcəyinə xidmət edən qərar olacaq!

“Mən Balakəni təmsil edən millət vəkiliyəm” demək haqqını mənə verəcək həmyerlilərimin bu yüksək etimadına layiq olmaq mənim üçün ən müqəddəs vəzifədir. Bu ülvi əmanətin dəyərini mən ötən illərdə yaxşı dərk etmişəm. Onu qarşıdakı illərdə də ləyaqətlə qoruyacağıma söz verirəm!



Seçi qərargahı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə