Noyabrın 7-də səhər saat 8:00-da Azərbaycanda parlament seçkiləri başlayıb. Həmin saatdan etibarən məntəqə seçki komissiyaları səsvermə üçün açılıb. Seçicilər qeydiyyatda olduqları dairələr üzrə müvafiq məntəqə seçki komissiyalarında istədikləri namizədə səs verə bilərlər. Səsvermə axşam saat 19:00-da başa çatacaq.
Seçkilər ölkə üzrə 125 dairədə və 5314 seçki məntəqəsində keçirilir. Ölkə üzrə 4 milyon 950 min nəfər seçici var. Seçkilərdə 125 deputat yeri uğrunda 690 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 4-cü çağırış Milli Məclisə seçkilərin açılış mərasimində bildidb ki, 7 noyabr seçkiləri Azərbaycanda demokratik şəraitin, ictimai asayişin, vətəndaş anlaşması və həmrəyliyin növbəti görsənişi olacaq. O, seçkilərin şəffaflıq şəraitində keçəcəyini qeyd edib.
Səsvermənin ilkin nəticələrinin gecə saatlarında açıqlanacağı gözlənilir.