Modern.az

“Azadlıq” radiosunun əməkdaşı təzyiqə məruz qalıb

“Azadlıq” radiosunun əməkdaşı təzyiqə məruz qalıb

7 Noyabr 2010, 14:51

“Azadlıq” radiosunun yaydığı məlumata görə, radionun müxbiri Nüşabə Fətullayeva seçki prosesində pozuntu aşkarlayan zaman təzyiqə məruz qalıb. Radionun məlumatında bildirilir ki, Nüşabə Fətullayeva 16 saylı Yasamal ikinci seçki dairəsinin 14 saylı məntəqəsində Ordubadda qeydiyyatda olan şəxsin səs verməsini videogörüntüyə alan vaxt komissiya üzvləri ona təzyiq göstəriblər.

Nüşabə Fətullayeva məntəqə seçki komissiyası üzvlərindən qeydiyyatda olmayan şəxsə niyə bülleten verildiyinin izahını istəyəndə onu böhtanda günahlandırıblar. Daha sonra məntəqədə gizli çəkiliş aparmasını əsas gətirərək kadrları silməyini tələb ediblər, buna nail olmayanda isə polis çağırıblar. Komissiyasının üzvləri Nüşabə Fətullayevanı DSK sədri Sədaqət Seyidzadə gələnə qədər məntəqəni tərk etməyə qoymayıblar.

DSK sədri gəldikdən və radionun Bakı bürosunun rəhbərliyi ilə telefonla əlaqəsi saxladıqdan sonra Nüşabə Fətullayevanın hərəkət azadlığı təmin olunub. Komissiya üzvlərinin təkidinə baxmayaraq, müxbir videogörüntülərin silinməsinə imkan verməyib.

Mətbuat Şurasının məlumatına görə, saat 14.00-dək seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb. Şuranın monitorinq qrupunun paytaxt və bölgələrdəki seçki məntəqələrində olan üzvləri də jurnalistlərə qarşı maneə faktı qeydə almayıblar.  

Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri bu gün saat 08.00-dan “qaynar xətt” rejimində işləyir. Jurnalistlərin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək mümkün problemlərin operativ aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan “qaynar xətt”in növbəti məlumatı saat 17.00-da yayımlanacaq.  

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də seçkinin gedişini izləyirlər. Onlar yerlərdə KİV təmsilçilərinə yaradılan şəraitlə yaxından tanış olurlar.
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə