Yeni Azərbaycan Partiyası yerlərdəki müşahidəçiləri vasitəsilə səsvermə prosesini anbaan izləyir. Modern.az YAP-a istinadən bildirir ki, partiya müxalifətin seçkiləri pozmaq istəməkdə ittiham edir.
Məlumatda qeyd edilir ki, yerlərdən mütəmadi gələn məlumatlar ölkə üzrə səsvermə prosesinin qanun pozuntularına yol verilmədən keçirildiyini, lakin bəzi radikal müxalifət partiyalarının namizədlərinin və onların nümayəndələrinin seçki prosesini hər vasitə ilə pozmağa yönəlmiş hərəkətləri kütləvi xarakter almaqdadır.
“Lakin, radikal müxalifətin formalaşdırdığı seçki blokunun səsvermə prosesi ilə bağlı tez – tez yaydığı “bəyanatlar”da özlərinin törətdikləri özbaşınalıqlar və qanun pozuntuları bu və ya digər formada hakimiyyət nümayəndələrinin, yaxud da YAP – ın ünvanına yönləndilir. Bütün bunlara baxmayaraq, bu müxalifətin gün ərzində yaydığı bütün məlumatlar YAP – ın yerlərdəki nümayəndələri vasitəsilə araşdırılmış, nəticədə bunların böhtan olduğu üzə çıxmış, törətdikləri cinayət xarakterli əməllərin ört-basdır edilməsi üçün seçilmiş uğursuz vasitə olduğu aşkara çıxmışdır”.
Təkcə bir faktı qeyd edək. AXCP – Müsavat blokunun yaydığı məlumatda 33 saylı Xətai seçki dairəsində guya, YAP – ın namizədinin seçki plakatlarının hələ də stendlərdə qaldığı bildirilir. Adı çəkilən blokun gün ərzində yaydığı bütün digər “qanun pozuntuları” ilə bağlı məlumatlar kimi, bu “fakt” da öz təsdiqini tapmamış, yayılan məlumatların başdan-ayağa iftira olduğu bir daha təsdiqlənmişdi”.