Modern.az

ATƏT seçkilərlə bağlı rəyini açıqladı...

ATƏT seçkilərlə bağlı rəyini açıqladı...

8 Noyabr 2010, 17:08

“Azərbaycanda keçirilən parlament seçkilərində demokratiya istiqamətində heç bir real irəliləyiş əldə edilməyib". ATƏT və Avropa Şurasının Azərbaycandakı Parlament Seçkilərini Müşahidə Missiyasının noyabrın 8-də açıqladığı bəyanatda belə deyilir.

Bəyanatda bildirilir ki, "Parlament seçkilərinin dinc şəraitdə keçməsinə və bütün müxalifət partiyalarının siyasi prosesdə iştirak etməsinə baxmayaraq, seçkilərin keçirilməsi ölkənin demorkatik inkişafına heç bir önəmli töhfə verməyib".

Beynəlxalq müşahidəçilər qeyd ediblər ki, Mərkəzi Seçki Komissiyası (MSK) ümumilikdə seçkinin texniki tərəflərini yaxşı təşkil edib. Seçki siyahılarının öncədən məntəqələrə yerləşdirilməsi imkan verib ki, onlar adlarının siyahıda olub-olmamasını dəqiqləşdirə bilsinlər, lazımi dəyişikliklər edə bilsinlər. MSK həmçinin seçiciləri maarifləndirmə kampaniyasını da yaxşı təşkil edib.

"Ancaq media azadlığının məhdudlaşdırılması, sərbəst toplaşmaq azadlığının təmin olunmaması və namizədlərin qeydiyyatı prosesindəki əngəllər müxalifətin daha da zəiflədilməsinə xidmət edib və faktiki olaraq onsuz da zəif olan siyasi rəqabət şanslarını sıfıra endirib.

Bu məhdudiyyətlər namizədləri qeyri-bərabər şəraitdə, qeyri-bərabər imkanlarla baş-başa qoyub və seçicilərin seçim etmək hüququnu məhdudlaşdırıb.

Müşahidəçilərimizin baş çəkdiyi məntəqələrin 90 faizində səsvermə prosesi yaxşı təşkil olunub, 10 faizində ciddi problemlər olub. 

Məntəqələrin 1/3-də səslərin sayılması zamanı ciddi və ya çox ciddi pozuntular qeydə alınıb".

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzun müddətli müşahidə missiyasının rəhbəri, səfir Audrey Glover bildirib ki, bir sıra məsələlər üzrə narahatlıqlar qalıb.

“Çox təəssüf ki, seçki prosesinin tam müşahidəsi göstərib ki, tammənalı demokratik seçkinin keçirilməsi üçün lazım olan şərait yaradılmamışdı. Biz xüsusən fundamental hüquqların məhdudlaşdırılmasından, medianın tərəf tutmasından, ictimai həyatın bir partiyanın nəzarətində olmasından və seçki günündəki ciddi pozuntulardan narahatıq”-deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə