Modern.az

«Seçkilər biz düşündüyümüz kimi başa çatdı»

«Seçkilər biz düşündüyümüz kimi başa çatdı»

10 Noyabr 2010, 15:24

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Bahar Muradova: «İlkin rəylərdə heç də bütün tərəflərin mövqeləri nəzərə alinmayıb...»

«Seçkilər elə biz düşündüyümüz və gözlədiyimiz kimi başa çatdı. Həm seçki kampaniyası kifayət qədər maraqlı, gərgin mübarizə şəraitində keçdi, həm də seçkinin nəticələri məhz bu mübarizənin gedişində öz qüvvələrini ortaya qoya bilən şəxslərə münasibətin adekvat şəkildə qiymətləndirilməsini göstərdi».
Bu fikirləri Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, bütün bu məqamları nəzərə almaqla demək olar ki, Azərbaycanda budəfəki parlament seçkiləri ölkə qanunvericiliyi çərçivəsində, həm də beynəlxalq standartlara uyğun, siyasi qüvvələrin mübarizəsi şəraitində azad, demokratik keçirildi.
Onu da qeyd edək ki, seçkilərdən sonra verilən bəyanatlarda, xüsusilə ATƏT-in, Avropa Şurasının, Avropa Parlamentinin və ABŞ Dövlət Departamentinin bəyanatlarında seçkilərin beynəlxalq standartlara cavab vermədiyi vurğulanmaqdadır. Bununla bağlı B.Muradova deyib ki, əvvəla, beynəlxalq standartlar deyəndə onlar bütün ölkələr üçün ümumi qəbul olunan standartları nəzərdə tuturlar, ayrı-ayrı ölkələrin özlərinin siyasi və digər iqtisadi maraqlarına uyğun nəzərdə tutduqları standartları yox.
”Bunları bir-birilə qətiyyən qarışıq salmaq olmaz. Dəfələrlə beynəlxalq arenada, digər ölkələrdə keçirilən seçkiləri müşahidə və bu müşahidələrin nəticələrinin müzakirə edildiyi beynəlxalq təşkilatda müzakirələrdə iştirak edən bir şəxs kimi onu söyləmək istəyirəm ki, bu təşkilatların və ABŞ Dövlət Departamentinin verdiyi rəylərdə müəyyən qədər uyğunsuzluqlar var. Bu, Xarici İşlər Nazirliyinin bugünlərdəki bəyanatında da öz əksini tapıb. Düşünürəm ki, əgər seçkiləri birtərəfli işıqlandırmaqla Azərbaycanda növbəti uğurlu kampaniyanın üzərinə kölgə salmaq cəhdi varsa, bu, tamamilə başqa məsələdir, yox əgər obyektiv və qərəzsiz qiymətləndirmə məqsədilə bu fikirlər deyilibsə, onlar o zaman bəzi məsələləri nəzərdən qaçırıblar. Yəni, seçkinin gedişində elə həmin təşkilatların özlərinin ayrı-ayrılıqda, o cümlədən, onların gün ərzində seçki məntəqələrində olan zaman mediaya verdikləri müsahibələrində və hamısının birlikdə mətbuat konfransı keçirdiyi zaman söylədikləri rəylərlə ABŞ Dövlət Departamentinin ortaya qoyduğu mövqe arasında kəskin fərqlər var. Həmçinin, ABŞ-ın çoxsaylı deputatlarının və siyasi ekspertlərinin iştirak etdiyi Avropa müşahidə missiyalarının tərkibində onların söylədiklərilə bu ölkənin rəsmi mövqeyində də müəyyən qədər fərqlər mövcuddur. Bilirsiniz, bunları mən hələ ilkin rəylər hesab edirəm. Bu ilkin rəylərdə heç də bütün tərəflərin mövqeləri nəzərə alınmayıb, eləcə də seçki prosesində olan bütün məqamlara eyni dərəcədə obyektivliklə yanaşılmayıb. Düşünürəm ki, qarşıda – gələn ilin yanvar ayında bu hesabat bütövlükdə açıqlanacaq, bu müddət ərzində onların imkanı olacaq ki, bütün söylənilən mənfi və müsbət tərəfləri ciddi şəkildə götür-qoy etsinlər, onların hansı standartlara nə dərəcədə uyğun gəlib-gəlmədiyi barədə daha dəqiq fikirlər söyləsinlər. Mən belə hesab edirəm ki, bu fikirlər bu hesabatda əksini tapacaq. Çünki Azərbaycanda keçirilən seçkilərin iştirakçısı bizik, biz o seçkilərin həm təşkilatçısı, həm iştirakçısıyıq, məsələlərin də nə yerdə olduğunu çoxlarından daha yaxşı bilirik. Əlbəttə, bir günlük, üç günlük və daha uzunmüddətə burada olan missiyaların mövqeyində uyğunsuzluqlar ola bilər, onlar heç də bütün məntəqələri, bütün dairələri eyni dərəcədə müşahidə etməyiblər və düşünürəm ki, bu mövqelərdə bəlkə də müəyyən qədər qərəzlilik, hansısa qeyri-obyektiv yanaşma var. Mən şəxsən bunları daha çox Azəraycanda həm seçki prosesinin özündə, həm də seçkilərin nəticələri aydın olandan sonra uduzmuş tərəflərin bir növ könlünü almaq məqsədilə səsləndirilən fikirlər kimi bunları qiymətləndirirəm. Düşünürəm ki, bütün məsələlər heç də müsbət və mənfi məqamlarıyla nəzərə alınmayıb. Bu seçkinin gedişində kifayət qədər beynəlxalq təşkilatların ümumilikdə və ayrı-ayrılıqda söylədiyi müsbət məqamlar var ki, xahiş edərdim, onlar bu məqamlara daha çox ciddi diqqət yetirsinlər».

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə