ABŞ–ın iki nüfuzlu təhlil mərkəzi-Ceymstaun Fondu və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun təşəbbüsü ilə Vaşinqtodakı Beynəlxalq Sülh üzrə Karneqi Fondunda “ABŞ-Azərbaycan Münasibətləri: Strateji Tərəfdaşlığın durumu” mövzusunda konfrans keçirilib. Yarımgünlük müzakirələrdə Birləşmiş Ştatların bölgəmiz üzrə aparıcı tədqiqatçıları son illər Azərbaycanla Amerika arasında əlaqələrin dinamikasını nəzərədən keçirib, ABŞ-ın bölgəmizdəki maraqlarının daha yaxşı təmsil olunması üçün Obama hakimiyətinə tövsiyələrlə çıxış ediblər.(AzərTAc)
Konfrans təşkilatçılarının xüsusi dəvətini qəbul edərək ABŞ Prezidentinin milli təhlükəsizlilk məsələlər üzrə sabiq müşaviri, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin məsləhətçisi, tanınmış siyasi xadim Zbiqnev Bzejinski də ABŞ–Azərbaycan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.
Cənab Bzejinski bildirib ki, Azərbaycan bölgədə mühüm “oyunçu” olaraq özünü uğurla inkişaf edən dövlət kimi təsdiqləyib. Özü də bu əhəmiyyətli irəliləyiş Azərbaycanın “açıq yarası” olan davamlı münaqişə şəraitində baş verib. Onun sözlərinə görə, Azərbaycana səfər edən hər bir kəs baş verən sosial inkişafdan böyük təəssüratlarla qayıdır. Çatışmazlıqlar olsa da, onlar tarixi perspektivlər baxımından qiymətləndirilməlidir. Suveren dövlətin qurulmasının mürəkkəb proses olduğunu xatırladan Z.Bzejinski deyib ki, ABŞ demokratiyasının özündə də hələ 40 il əvvəl xoşagəlməz boşluqlar var idi.
Heydər Əliyevi “Azərbaycan dövlətinin banisi” adlandıran Bzejinski onu bir dövlət xadimi kimi çətin anlarda strateji seçim etməyi bacaran və uzaqgörən siyasətçı adlandırıb. Bakı-Tbilisi-Ceyhan layihəsi də məhz belə strateji seçim idi. Bzejinski deyib: “Heydər Əliyev üçün dövlətin suverenliyi və onun xalqı hər şeydən üstün idi”.
Obama hakimiyyətinin Cənubi Qafqaz bölgəsi ilə bağlı siyasətini şərh edən Zbiqnev Bzejinski ABŞ-ın Azərbaycan və Gürcüstanla qurduğu münasibətlərdən irəli gələrək onlara dair məyyən “öhdəlikləri”n olduğunu qeyd edib. Ermənistan isə bu mənada sual altındadır.
Ağ Evin Azərbaycanla bağlı bır sıra qeyri-peşəkar məsuliyyətsizliyə yol verdiyini deyən Zbiqnev Bzejinski Azərbaycan Prezidenti İlham Əliyevin Barak Obamanın təşəbbüsü ilə keçirilən nüvə zirvə toplantısına dəvət olunmamasını səhv addım adlandırıb. O bildirib ki, bu cür addımlar ciddi nətciələr verə bilər. Buna baxmayaraq, sabiq müşavir hesab edir ki, İlham Əliyevlə Barak Obama arasında Nyu-Yorkda baş tutan müsbət görüşdən hər iki lider razı qalıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün bölgəyə ziyan gətirdiyini deyən Bzejinski münaqişənin həllində tək Dağlıq Qarabağın statusu deyil, həm də onun ətrafındakı Azərbaycan torpaqlarının davamlı işğalı məsələsinin həll olunması zərurətini qeyd edib. Onun sözlərinə görə, xaricdən təzyiq problemi tam həll edə bilməz. Münaqişə tərəflərinin özləri bunda maraqlı olmalıdırlar. ABŞ-ın münaqişənin hərb yolu ilə həllini dəstəkləmədiyini vurğulayan sabiq müşavir, müharibəyə əl atan tərəfin bunun “gözlənilməz” nəticələr verə biləcəyini də nəzərə almağı tövsiyə ediblər.