Oyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonuna gəlib. Dövlət başçısı və xanımı Quzanlı qəsəbəsinin mərkəzindəki parkda Heydər Əliyevin abidəsini ziyarət ediblər. (AzərTAc)
İlham Əliyev Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhiyyə ocağında yaradılmış şəraitlə tanış olublar.
Prezidentə məlumat verilib ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunub. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaradıb. Birinci mərtəbədə yerləşən poliklinika şöbəsi stomatologiya, oftalmologiya və USM kabinetləri, nevropatoloq, manipulyasiya və fizioterapiya otaqlarından ibarətdir. Birinci mərtəbədə doğum şöbəsi də yerləşir. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya, anesteziologiya və intensiv terapiya şöbələri yerləşir. Bina müasir havalandırma sistemi ilə təchiz olunub.
Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş “Mercedes” markalı 2 təcili tibbi yardım avtomobili verilib.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.