Modern.az

Ramiz Rzayev: "Məhkəmələrdə baxılan işlərin sayı dəfələrlə artıb..."

Ramiz Rzayev: "Məhkəmələrdə baxılan işlərin sayı dəfələrlə artıb..."

11 Noyabr 2010, 18:59

Noyabrın 11-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbədənkənar Plenumu keçirilib.
Modern.az-ın məlumatına görə, plenumda çıxış edən R.Rzayev deyib ki, məhkəmələrdə baxılan işlərin sayı 2000-ci illə müqayisədə dəfələrlə artıb. Bununla əlaqədar hakim ştatlarının sayı son illər ərzində 50 faiz, o cümlədən cari ilin  avqust ayında 25 faiz artırılaraq 600-ə çatdırılıb, hər bir hakim üçün əlavə köməkçi ştatları ayrılıb, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları genişləndirilərək bu ştatların məhkəmələr arasında bölgüsü Məhkəmə-Hüquq Şurasına həvalə edilib.

Plenumda qeyd edilib ki, son illər ərzində hakim ştatlarının artırılması nəticəsində Ali Məhkəmə hakimlərinin ştat sayı 27-dən 41-ə, Apellyasiya instansiyası məhkəmələri hakimlərinin ştat sayı isə iki dəfədən çox artırılaraq 63-dən 135-ə çatdırılıb. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə,  bu gün bu rəqəm 97 təşkil edir. Respublikanın digər rayon, şəhər məhkəmələri hakimlərinin sayı da xeyli artırılıb.

Son illər ərzində çoxsaylı imtahan və  müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli  kurs və təcrübədən ibarət olan hakimlərin seçim prosedurları nəticəsində 2200 namizəd sırasından 235 nəfər seçilərək hakim vəzifəsinə təyin olunub.  Hazırda Apellyasiya Məhkəmələri hakimlərinin 30 faizə  qədərinin, birinci instansiya məhkəmələri hakimlərinin 60 faizdən çoxunu məhz bu hakimlər təşkil edir.

Plenumda respublikanın birinci instansiya məhkəmələrinə yeni təyin olunmuş hakimlər Məhkəmələr və Hakimlər haqqında Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəklərinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacaqlarına, yüksək hakim adına hörmət ruhunda davranmalarına and içublər.                                    

Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov iştirak edib.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə