Modern.az

Konstitusiyanı bilmək hər bir vətəndaşın borcudur

Konstitusiyanı bilmək hər bir vətəndaşın borcudur

12 Noyabr 2010, 16:52

12 Noyabr Azərbaycanda Konstitusiya Günüdür. Müasir və Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyası, Azərbaycanı demokratik prezident respublikası elan etmişdir. Bununla da Azərbaycanda 1920-ci ildən sonra qurulmuş hüquqi-siyasi sistem, rəsmi olaraq öz mövcudluğuna son qoymuşdur.

Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün ümummilli liderimiz Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. 

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Ana qanunumuzda Azərbaycanın fəaliyyətinin əsas prinsipləri, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətləri, vətəndaşların fundamental hüquq və vəzifələri müəyyən edilmişdir.  Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən də hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Hakimiyyət bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılmış, respublikamız insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulmuş, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılmışdır.

2002-ci il avqustunda ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın 24 maddəsinə əlavə və dəyişikliklər edilmişdir. Bu  əlavələr və dəyişikliklər, Azərbaycanın Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı idi.

Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 2009-cu ildə də ümumxalq referendum keçirilmişdir.

Konstitusiya – hökumət qanunlarının külliyyatı deməkdir, hansı ki, hökumətin fəaliyyətini nizama salır, insanların cəmiyyətdə və biri-birinə əxlaqi davranışlarını qaydaya salır.

Konstitusiya – cəmiyyətin demokratik institutlarını qoruyan çox ciddi və tələbkar sənəddir. Dövlətin ərazi bütövlüyünü, müstəqilliyini, xarici və daxili siyasətin özünün qurmasını elan edən əsas Qanundur.

Konstitusiya Günü — bir çox dövlətlərdə keçirilən bayramlardan biridir.  

Xətayi Əzizov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə