Modern.az

İlham Rəhimov: “İnanın ki, bunu heç bir reklam xatirinə eləməmişəm”

İlham Rəhimov: “İnanın ki, bunu heç bir reklam xatirinə eləməmişəm”

13 Noyabr 2010, 16:51

Tovuz rayonun Cilovdarlı kəndində yeni tikilmiş Tibb məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Müasir tibbi standartalara cavab verən bu müəssisəni, əslən həmin kənddən olan hüquq elmləri doktoru, professor İlham Rəhimov şəxsi vəsaiti hesabına tilkdirərək yerli əhalinin istifadəsinə verib.

Qeyd edək ki, Tibb məntəqəsi, təkcə Cilovdarlı və Qədirli kənd sakinlərinə deyil, eyni zamanda ətrafdakı Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Girzan və s. kəndlərin əhalisinə də xidmət edəcək.

Açılış mərasimində professor İlham Rəhimov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, kənd camaatı və çoxlu sayda qonaqlar vardı. Mərasimi giriş sözü ilə Tofiq Zeynalov açdı.

“İlham müəllimin bu təşəbbüsü alqışa layiqdir”

Başçının sözlərinə görə, regonlarımızın sosial-iqtisadi inkişafında dövlət strukturları ilə yanaşı, qeyri-dövlət qurumlarının, eləcə də ayrı-ayrı vətəndaşların təşəbbüsləri alqışa layiqdir, o cümlədən, həmyerlimiz İlham müəllimin: “Bu gün Cilovdarlıda hamımızın hörmət bəslədiyimiz professor İ.Rəhimov şəxsi vəsati hesabına belə gözəl tibb məntəqəsi tikdirib, sizin istifadənizə verib, xeyirli olsun. Tovuzun iş adamları çoxdur, yəqin ki, onlar da belə bir başlanğıcı gələcəkdə davam etdirəcəklər. Dövlətimiz nə qədər qüvvətli, qüdrətli olsa da, iş adamlarına da ehtiyacımız var. Bu Tibb məntəqəsini sizə hədiyyə edən, kəndinizin yetirməsi, qəlbi elnən, obaynan döyünən İlham müəllimə böyük minnətdarlığımı bildirirəm”.

“Siz hamınız məni tanıyırsınız”

Professor İlham Rəhimov qeyd etdi ki, ölkəmiz ildən-ilə inkişaf edir, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşması üçün artıq nəticəsi görünən addımlar atılır: “Təqdirəlayiqdir ki, bu tədbirlər təkcə dövlət hesabına deyil, cəmiyyətimizin bütün üzvlərinin iştirakı ilə həyata keçirilir. Son vaxtlar Tovuz rayonunda da çox böyük abadlıq işləri gedir, rayonun siması xeyli dəyişib, gözəlləşib, quruculuq işləri hazırda da davam edir. Bir tovuzlu olaraq mən də ölkəmizdə gedən böyük quruculuq işlərinə öz töhvəmi verməyi vətəndaşlıq borcu hesab edirəm. Ona görə də, dediklələrimi konkret işlə, anadan olduğum Cilovdarlı kəndində müasir tipli Tibb məntəqəsi inşa etdirməklə reallaşdırdım”.

Sonra İ.Rəhimov həmkəndlilərinə müraciət etdi: “Əzizlərim, siz hamınız məni tanıyırsınız, mən də bu kənddə anadan olmuşam, burada böyümüşəm. Orta məktəbə Cilovdarlıda getmişəm. Harada yaşamağımdan, harada olmağımdan asılı oımayaraq bu kəndlə əlaqəmi heç vaxt kəsməmişəm. Tələbə olan vaxtlarımda da Azərbaycana gələndə birinci yolumu kəndimizdən salardım. Tibb məntəqəsinə gəlincə, inanın mənə, tam səmimi deyirəm, bunu heç bir reklam xatirinə eləməmişəm. Ayrı bir məqsədim yoxdur, özünüz də hiss edirsiniz, gələcəkdə də görəcəksiniz. Sadəcə olaraq, məqsədim buydu ki, Tibb məntəqəsini öz kəndimin, eləcə də böyük bir ailə kimi baxdığım yaxın kəndlərin sakinlərinə hədiyyə edim.

Bu layihəni mən Yaponiyada sifariş eləmişəm. Səhiyyə Nazirliyinin də nümayəndəsi gəlib baxıb çox bəyənib. Allah eləsin bu təşəbbüs, ənənəyə çevrilsin, digər iş adamları da eyni addımı atsınlar.

Bu müəssisəni Səhiyyə Nazirliyinə təmənnasız olaraq hədiyyə edirəm. Mən tibb sahəsi üzrə mütəxəssis deyiləm, ola bilsin burada nəsə çatmasın. Amma demişdim ki, məntəqədə hər şey olsun. Nə çatışmırsa, nəyəsə ehtiyacınız varsa, deyin imkan daxilində onu da həyata keçirək”.

“Adınız Tovuzun səhiyyə tarixinə əbədi olaraq yazıldı”

Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müaviniYusif Kəsəmənli rayonda tibb sahəsində baş verən yeniliklərdən danışdı. Onun sözlərinə görə, hazırda Tovuzda 80 çarpayılıq yeni xəstəxananın tikintisi başa çatmaq üzrədir, yeni müalicə-diaqnostika mərkəzinin təməli qoyulub.

Ancaq Y.Kəsəmənlinin fikrincə, kənd tibb müəssisələrinin maddi texniki vəziyyəti, xidmətin səviyyəsi hamını narahat edirmiş. “Bu gün bu problemlərdən biri öz həllini olduqca yüksək səviyyədə tapdı. Elimizin-obamızın çox dəyərli övladı, görkəmli hüquqşünas, görkəmli ziyalı, professor İlham Rəhimovun şəxsi vəsaiti hesabına belə gözəl tibb müəsisəsini tikdirməsi bizi hədsiz sevindirir. Bunun nə demək olduğunu, qiymətini biz həkimlər daha çox dərk edirik. Məntəqə ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Əhalinin sağlamlığının qorunması sayəsində belə bir tibb müəsisəsinin respublikamızda analoqu yoxdur. Tovuzun 2122 nəfərlik səhiyyə ordusu adından İlham müəllimə öz minnətdarlığımı bildirirəm. Cəsarətlə deyə bilərəm ki, İlham müəllimin adı Tovuz səhiyyə tarixinə əbədi olaraq yazıldı”- Y.Kəsəmənli bildirdi.

“Hamımız sənə duaçıyıq”

Kənd ağsaqqalı Məcid Bayramov isə Tibb məntəqəsnin xidmət göstərəcəyi 8 kəbdin sakinlərinə gözaydınlığı verərək, “hamınızın gözünüz aydın olsun” dedi: “Sağ olsun, rayon rəhbərliyi bu bina üçün çox gözəl bir yer ayırıb. İlham müəllimin də Allah canını sağ eləsin. Mən onu XXI əsrin Hacı Zenalabdin Tağıyevi adlandırıram. İlham müəllim? sən elə bir oğulsan ki, tayın-bərabərin yoxdur. Çəkdirdiyin dörd bulağın suyu kəndin hər tərəfində fəvvarə vurur, bundan artıq camaata nə lazımdır, hamımız sənə duaçıyıq”.

Sonda söz Tibb məntəqəsinin baş həkimi Vəfa Qələndərovaya verildi. Baş həkim qeyd etdi ki, ümumi sahəsi 500 kv.m olan bu Tibb məntəqəsi kompüterləşib, burada stomotoloq, laborotoriya, peyvənd otağı, ailə həkimi, manipulyasiya otağı və s.fəaliyyət göstərir. Lazım olan bütün inventarlar alınıb, dərmanla təchiz olunub. 3 həkim olmaqla 14 nəfərlik tibbi personaj əhaliyə xidmət göstərir.

Bundan əlavə məntəqənin həyəti zövqlə səliqə-sahmana salınıb, müstəqil istilik, kanalizasiya sistemi var, həyətdə bol suyu olan artezian quyusu qazılıb, buradan kəndin 4 istiqamətinə bulaq çəkilib. Eyni zamanda həyətdə 6 dəqiqəyə dolan 20 tonluq su çəni, yanğın əleyhinə 50 tonluq su anbarı tikilib. Bina qaz və elektriklə təmin edilib, bahalı kondisionerlər quraşdırılıb, küçə asfaltlaşdırılıb.

Baş həkim bu məlumatları verəndən sonra söz verdi ki, məntəqənin tibbi personajı əhaliyə indən belə bu şəraitə yaraşan xidmət göstərəcək.

O, çıxışının yekununda İlham müəllimdən xahiş etdi ki, İmkan olsa, məntəqəyə UZİ aparatı, labaratoriya üçün analizator və termostat, ginekoloji kabinet və ambulans alınmasına da kömək etsin.

İlham müəllim baş həkimin xahişini razılıqla qarşıladı, bildirdi ki, bəzi şeyləri elə bu saat təşkil eləmək olar: “UZİ-ni özümüzlə gətirmişik, bu saat sizə təqdim edərlər”.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə