Ötən gün Avrasya Ekonomik İlişkilər Dərnəyi (Türkiyə) və Levkə Avropa Universitetinin Quzey Kıprıs Türk Cümhuriyyətində (KKTC) keçirdiyi “XXI yüzildə Türk Dünyası” adlı beynəlxalq simpoziumda iştirak edən millət vəkili Qənirə Paşayeva konfransdakı çıxışında və simpoziumda iştirak edən Türkiyənin və Quzey Kıprıs Türk Cümhuriyyətinin bir sıra televiziya kanalları və KİV nümayəndələrinə müsahibəsində ermənilərin işğalçılıq siyasəti barədə ətraflı məlumat verib. Ermənistanın müasir dünyanın gözü qarşısında Azərbaycan torpaqlarının 20 faizini 15 ildən artıqdır ki, işğal altında saxladığını, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan vermədiyini, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni və dini abidələri, qəbirstanlıqları dağıtdığını, Xocalıda və bir sıra digər kəndlərdə azərbaycanlılara qarşı soyqırım törətdiyini deyən millət vəkili dünya dövlətləri, beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi bu vəhşiliklərə qarşı sərt mövqe ortaya qoymaması, problemin həlli istiqamətində işğalçıya qarşı təzyiqlər göstərməməsini böyük ədalətsizlik adlandıraraq bunun böyük təssüf doğurduğunu deyib.
Millət vəkili vurğulayıb ki, işğalçı Ermənistan beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən bu təzyiqin göstərilməməsindən istifadə edərək münaqişənin həlli istiqamətində heç bir addım atmır, BMT Təhlükəiszlik Şurası da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi torpaqlardan geri çəkilmir və işğal etdiyi torpaqlarda vandalizm aktlarını davam etdirir.
Qənirə Paşayeva Türkdilli dövlətlərin və toplumların bu məsələyə daha həssas yanaşmağa çağırıb.
“Güc birlikdədir” deyən millət vəkili vurğulayıb ki, Qarabağ problemi təkcə azərbaycanlıların deyil bütün Türk dünyasının problemi olmalı və dünyanın hər yerində yaşayan türklər və onların təşkilatları bu probleminin həlli istiqamətində əlindən gələni etməli, səylərini daha da artırmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Xalqlarının Qurultayında erməni yalanlarının qarşısının alınmasından danışarkən «biz müdafiədən hücuma keçməliyik» sözlərini xatırladan millət vəkili Azərbaycanın bu istiqamətdə gördüyü işlərdər danışıb və vurğulayıb ki, qondarma erməni soyqırımı iddiaları, ermənilərin Azərbaycanla, onun ayrılmaz parçası olan Qarabağla bağlı dünyada apardıqları yalan kompaniyasına qarşı bütün Türklər birgə mübarizə aparmalıdır: «Ermənilər 2015-ci ilə qədər, yəni qondarma erməni soyqırımının 100 illiyinə qədər bu istiqamətdə addımlar atılacağını deyirlər. Düşünün, bu cür qərarlar orada yaşayan insanlarımıza, hardan gəlməsindən asılı olmayaraq bütün Türklərə nə qədər böyük bir zərbə ola bilər”.
Millət vəkili eyni zamanda Azərbaycan dövlətinin və prezident İlham Əliyevin Türk dövlətlərinin və xalqlarının əməkdaşlığının genişləndirilməsi, diasporlarımızın birgə və ümumi hədəflər uğrunda fəaliyyəti istiqamətində gördüyü işlərdən, Türk Dövlət başçılarının Naxçıvan zirvə toplantısı, alınan qərarlar, TÜRKPA-nın yaradılmasının önəmindən də danışıb və bildirib ki, bu addımlar Türkdilli dövlətlərin və toplumların birliyinə və əməkdaşlığının daha genişlənməsinə xidmət edir və hamımızın güclənməmizə xidmət edir.
Modern.az