Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələrindən olan “Milli qəzet” millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva ilə geniş müsahibə dərc edib. Məqalə “Türk Dünyası bir-birinin sorunlarını sahiblənməli” ana başlığı, habelə “İslam dünyasında dayanışma yoxdur”, “Birbirimizə yaxınlaşdıqca qazanırıq”, “Ortaq tarix kitabı yazmalıyıq” kimi yarımbaşlıqlarla təqdim olunub.
Xanım Paşayeva müxbirin suallarını cavablandırarkən Türk dünyasının dünya siyasətinə yön verən təsirli mövqeyə sahiblənmək üçün gərəkən potensiala sahib olmasından, bu potensiala uyğun hər bir türk insanının, türk dövlət və topluluqlarının qarşısında duran vəzifələrdən söz açıb, öz fikir və mülahizələrini bölüşüb.
Q.Paşayeva Sovetlərin çöküşü, Türk dünyasının yaxın keçmişi, Türk dünyasının ağrılı problemləri və özəlliklə, Azərbaycan torpaqlarının işğalı faktı, bu faktın doğurduğu nəticələrlə bağlı ətraflı danışaraq, Xocalı soyqırımı, qaçqın və məcburi köçkün soydaşlarımızın aqibəti barədə söz açıb.
Qənirə Paşayeva Azərbaycan insanının Türk dünyasından gözləntiləri haqqında fikirlərini bölüşərkən, eyni zamanda Azərbaycanın Türk birliyinə bugünədək verdiyi və verməkdə olduğu böyük töhfələri də faktların dili ilə açıqlayıb. O, Türk dünyasının sabahı, həmin arzulanan sabaha yetmək üçün atılmalı olan addımları öz baxış bucağından təhlil edib.
Modern.az