Şənbə günü Moskvadakı Manej meydanında Qafqaz mənşəli şəxslərə qarşı iğtişaşlarda iştirak edən futbol fanatları barəsində 10-dan çox cinayət işi açılıb. Modern.az Lenta.ru saytına istinadən bildirir ki, bu barədə Moskva şəhər prokurorunun müavini Aleksey Zaxarov məlumat verib. Döymə faktlarını “etnik zəmində cinayətkarlıq” adlandıran Zaxarov cinayət işinin təfərrüatları barədə açıqlama verməyib.
Qeyd edək ki, şənbə günü “Spartak” futbol klubunun fanatları klub üzvlərindən birinin qafqazlılar tərəfindən öldürüldüyünü deyərək kütləvi iştişaş törədiblər. Nəticədə küçədə və metro stansiyalarında Qafqaz və Orta Asiya ölkələrindən olan onlarla vətəndaşa hücum edən fanatar onlara xəsarət yetiriblər. Onların arasında bıçaqla ağır yaralanmış azərbaycanlı da var.
Polis hadisə ilə bağlı 66 nəfəri saxlasa da, sonradan xəbərdarlıq edərək onların hamısını buraxıb.
Modern.az