İran Prezidenti Mahmud Əhmədinejad xarici işlər naziri Mənuçöhr Müttəkini vəzifəsindən azad edib. Modern.az saytının İranın yarı rəsmi xəbər agentliyi olan “Mehr”ə istinadən verdiyi məlumata görə, prezident Əhmədinejad xarici işlər naziri vəzifəsinə müvəqqəti olaraq Əli Əkbər Salihini təyin edib. Prezident yazdığı bir məktubla M.Müttəkiyə xidmətlərinə görə təşəkkür edib. Ayrı bir məktubla isə Salihiyə yeni vəzifəsində uğurlar arzu edib.
İran prezidentinin bu addımı gözlənilməz və təəccüblü olub. Çünki bu vaxta qədər cənab Müttəkinin işdən çıxacağına dair heç bir işarə və ya əlamət müşahidə edilməyib.
Mənuçöhr Müttəki 2005-ci ildə xarici işlər naziri vəzifəsinə təyin olunana qədər peşəkar diplomat kimi çalışıb.
Yeni xarici işlər naziri Əli Əkbər Salihi İran Atom enerji qurumunun rəhbəri vəzifəsində çalışırdı. İran prezidentinin etdiyi bu dəyişiikliyin səbəbi hələki məlum deyil.