Modern.az

Dövlət Statistika Komitəsi: “Bu il ərzaq malları 6,7 faiz bahalaşıb”

Dövlət Statistika Komitəsi: “Bu il ərzaq malları 6,7 faiz bahalaşıb”

14 Dekabr 2010, 10:28

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2010-cu ilin on bir ayı ərzində 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 milyard manat artaraq 36,6 milyard manata çatıb. Adambaşına 4096,4 manatlıq (5101,4 ABŞ dolları), yaxud keçən ildəkindən 3,2 faiz çox əlavə dəyər istehsal olunub.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artıb.

Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2000,3 min ton taxıl, 953,7 min ton kartof, 1178,9 min ton tərəvəz, 35,3 min ton pambıq, 711,0 min ton meyvə və giləmeyvə, 433,2 min ton bostan məhsulları, 123,4 min ton üzüm, 218,0 min ton şəkər çuğunduru, 3,2 min ton tütün, 530,5 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 303,2 min ton ət, 1400,9 min ton süd, 1081,8 milyon ədəd yumurta və 15,4 min ton yun istehsal olunub. Taxıl və kartof istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artıb.

Dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı 7,1 faiz artıb, bitkiçilik məhsulları istehsalı 9,0 faiz və kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz azalıb.

İstehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 1,8 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 5,5 faiz bahalaşıb. Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, xidmət tarifləri 0,9 bahalaşəb. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 6,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,2 faiz və xidmət tarifləri 4,7 faiz bahalaşıb.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 8,4 milyard manat daxil olub, büdcədən 7,6 milyard manat vəsait xərclənib. Büdcə xərclərinin 37,7 faizi və ya 2,9 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi (861,9 milyon manatı) təhsilə, 13,2 faizi (1006,6 milyon manatı) sosial müdafiə və sosial təminata yönəldilib.

Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 2,4 faizinə bərabər və ya 774,5 milyon manatlıq profisit yaranıb.

Noyabr ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 1 Avroya 1,06 manat, 100 Rusiya rubluna 2,58 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80, 1,06 və 2,65 manata bərabər olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə