Dekabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Milli Tempus İnformasiya gününə həsr olunmuş konfrans keçirilib. Avropa Birliyinin Tempus proqramının Bakı ofisinin və ADU-nin təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, təhsil naziri Misir Mərdanov, təhsil nazirini müavini Elmar Qasımov, Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı agentliyinin (EACEA) rəsmisi, Tempus proqramı üzrə məsul şəxs Franz Steidele, eləcə də ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən S.Seyidov TEMPUS proqramının təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib və Dillər Universitetinin Avropa ölkələrinin qabaqcıl universitetləri ilə yalnız TEMPUS proqramı çərçivəsində deyil, uzun illərdir səmərəli əməkdaşlığa malik olduğunu qeyd etib. S. Seyidov TEMPUS proqramı çərçivəsində Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyasını aparmasını Azərbaycan təhsilinin böyük uğuru kimi qiymətləndirib.
O, bu layihənin Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsi və təhsil sahəsində islahatların daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. S.Seyidov sözlərinə onu da əlavə edib ki, layihənin büdcəsi 1 milyon 100 min avro təşkil edir.
Təhsil naziri Misir Mərdanov isə çıxışında Avropa İttifaqının Tempus proqramında ölkəmizin iştirakından danışıb. Tempus Proqramının fəaliyyət tarixinə toxunan nazir bildirib ki, Azərbaycan bu proqrama 1995 –ci ildən qoşulub və 22 layihədə iştirak edib.
ADU-nun Tempus proqramının layihə koordinatoru seçilməsini yüksək qiymətləndirən M.Mərdanov universitetin Azərbaycanda aparıcı ali təhsil ocağı olduğunu vurğulayıb: “İndiyədək həyata keçirilən 22 layihənin idarəçiliyini Avropa Universitetləri həyata keçirib. ADU-nun layihənin koordinatoru seçilməsi Azərbaycan təhsilinin uğurudur. Bu, bir daha onu göstərir ki, Azərbaycan Dillər Universiteti Avropaya inteqrasiya, eləcə də digər məsələlərdə ölkənin aparıcı ali təhsil ocağıdır ”.
Avropa İttifaqının Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia Azərbaycanla təmsil etdiyi qurumla əlaqələrindən söhbət açıb.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova isə çıxışında “Azərbaycan Dillər Universitetində Tempus layihələri” ndən bəhs edib. Jalə Qəribova bildirib ki, layihə 3 il müddətində həyata keçiriləcək. Azərbaycan Dillər Universitetinin layihənin koordinatoru olduğunu deyən prorektor Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin və Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutun da layihədə iştirak etdiyini bildirib.
Xatırladaq ki, ADU-nun “Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar” adlı layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü Çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlib. Noyabrın 24-də isə ADU-da TEMPUS proqramı çərçivəsində “Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar” layihəsi ilə əlaqədar “İlkin məlumatlandırma konfransı” da keçirilib.
Mail Ağaxanov