Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və deputat Rüfət Quliyev Belarus Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dekabrın 16-da Minsk şəhərinə yola düşəcəklər.
Milli Məclisin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,
dekabrın 19-da keçiriləcək seçkilərdə deputatlar Əli Hüseynov və Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyanın, deputat Ziyad Səmədzadə isə MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçilər missiyasının tərkibində iştirak edəcəklər.
Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.
Səfər dekabrın 20-də başa çatacaq.
Qeyd edək ki, Belarusda keçirilən prezident seçkilərində indiki dövlət başçısı Aleksandr Lukaşenko ilə yanaşı daha 9 namizəd mübarizə aparacaq. Bunlar Andrey Sannikov (“Avropa Belarusu” Vətəndaş Hərəkatı), Vladimir Neklyayev (“Həqiqəti de” Vətəndaş Hərəkatı), Yaroslav Romançuk (Birləşmiş Vətəndaş Partiyası), Qriqori Kostusyov (Belarus Xalq Cəbhəsi), Vitali Rımaşevski (Xristian Demokrat Partiyası), Nikolay Statkeviç (Sosial Demokrat Partiyası), Aleksey Mixalyeviç (“Modernləşmə uğrunda” Birliyi), Viktor Tereşenko (Kiçik və Orta Sahibkarlıq Assosiasiyası) və sahibkar Dmitri Ussdur.
Modern.az