Azərbaycan hökumətinin pospetrol dövründə atdığı addımları birmənalı olaraq ziyanın yarısından qayıtmaq cəhdləri kimi də qiymətləndirmək olar. Həmin cəhdlərin nə qədər səmimi olduğunu görmək üçünsə elə də bir böyük vaxt lazım deyil. Artıq dünya birjarında neftin qiymətindəki artımın dinamikasını azından beş il gözləmək lazım gəlməyəcək. Bu,dünyanın aparıcı analitik mərkəzlərinin birmənalı qənaətidir.
Təəssüf ki,Azərbaycan Respublikasında kənd təsərrüfatının “dar günün yarağına” çevriləcəyi ilə də bağlı nikbin proqnozlar vermək,mümkün deyil. Ağır və yüngül sənayenin indiki durumu və gələcək perspektivləri barədə danışmaq üçünsə həddindən artıq xəyalpərvər olmaq lazımdır. Dövlət büdcəsinin doldurulması üçünsə vergi darğaları qarğa kimi inadcıl olsalar belə,necə deyərlər,tək əldən səs çıxmaz,kömək lazımdır. “Murphy Shipping and Commercial Services Azerbaijan” MMC-nin baş direktoru Şaiq Mirzəyev isə ümumi bədbinliyi bölüşmür.
O,hesab edir ki,beynəlxalq yükdaşımalar üçün Azərbaycan unikal tranzit ölkədir və bu unikallıq ölkəmizə ildə milyardlarla dollar gəlir gətirə bilər. Dövlətimizin Çindən Avropaya və oradan da uzaqlara gedib çıxan yoldakı əhəmiyyətli mövqeyi bunu şərtləndirir. Bakı-Tbilisi-Qars dəmiryolunun işə salınmasından sonra isə yeni bir era başlayacaq- bunu da Şaiq Mirzəyev tam əminliklə deyir. “Murphy Shipping and Commercial Services Azerbaijan” MMC-nin rəhbəri hökumətin həmin mövqeyi möhkəmləndirən addımlarının nəticə verəcəyinə ümidlə baxır. Həmin ümidin əsas mənbəyi kimisə o, 2015-ci il oktyabrın 21-də prezident İlham Əliyevin sərəncamı ilə tranzit yükdaşımalar üzrə koordinasiya şurasının yaradılmasını göstərir.Yada salaq ki,Sərəncama uyğun olaraq tranzit yükdaşımalar zamanı bir pəncərə prinsipi artıq tətbiq olunub. Bu isə o deməkdir ki,uzağı 15 dəqiqə müddətində sənədlərlə bağlı məsələlər həll olunur. Həmçinin gömrük broker təşkilatı kimi də fəaliyyət göstərən “Murphy Shipping and Commercial Services Azerbaijan” MMC-nin rəhbəri Şaiq Mirzəyev gömrük sənədlərinin optimallaşdırılmasının da verəcəyi faydaları sadalayır.
O,gömrük sənədləşdirmələri və anbar xidməti üçün təşkilatının çoxdandır ki, onlayn rejimi ilə fəaliyyət göstərdiyini bildirir.
Bu zaman yük sahibi sifarişi internet vasitəsi ilə verir. Rekvizit və və digər sənədlər də onlayn rejimində verilir. Bu da operativliyi təmin edir. Gömrük brokerləri xidmətinin hələ XIX əsrin sonlarından ABŞ-da nüfuz qazandığını deyən Şaiq Mirzəyev bu gün gömrük brokerlərinin hətta ABŞ ərzaq və dərman agentliyi (FDA), Kənd Təsərrüfatı Nazirliyi (USDA) və balıqçılıq xidməti kimi qurumlardan sənədlərin alınması üzrə də xidmətlər göstərdiyini yada salır. Bazar iqtisadiyyatına keçən Azərbaycanda 1997-ci ildən gömrük brokerləri barədə əsasnamənin qəbul edildiyini yada salan Mirzəyev hesab edir ki,gömrük brokerləri işin içində olarsa,dövlət büdcəsinə gömrük rüsumlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
O bildirir ki,Nazirlər Kabineti "Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən qaydalar"ı təsdiq edib.Yeni qaydalara əsasən, hər gömrük-sərhəd buraxılış məntəqəsi üzrə ən azı 2 hüquqi şəxsə gömrük brokeri fəaliyyəti üçün lisenziya verilməlidir.Yəni iş adamlarının seçim imkanı olacaq və gömrükdə inhasırçılıq barədə deyilən söz-söhbətlər birdəfəlik aradan qaldırılacaq. “Murphy Shipping and Commercial Services Azerbaijan” MMC-nin rəhbəri hesab edir ki, gömrük orqanlarındakı islahatlar gömrük broker institunun möhkəmlənməsini şərtləndirir.
Şaiq Mirzəyevin fikrincə, qüvvədə olan Gömrük Məcəlləsinə uyğun olaraq Gömrük İqtisadi Operatoru, Gömrük daşıyıcısı və qanunvericilikdə əks olunan digər gömrük institutlarını da inkişaf etdirmək mümkündür. Müsahibimiz əmindir ki, “Murphy Shipping and Commercial Services Azerbaijan” gömrük broker fəaliyyəti ilə bərabər,adıçəkilən sahələrin inkişafında iştirak edə bilər. Şaiq Mirzəyev bu sahədəki dünya təcrübəsini Azərbaycanda tətbiq edəcək kadr potensialının varlığını da məmnuniyyətlə yada salır. Həmsöhbətimiz əmindir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il martın 4-də imzaladığı “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam Azərbaycanda inqilabi dəyişikliklərə yol açacaq. Müsahibimiz bunlarla bərabər,maariflənmə işini vacib sayaraq hesab edir ki,kütləvi-informasiya vasitələrinin obyektiv və savadlı yanaşmaları da bu işdə əsas rollardan birini oynaya bilər.
F.Kazımoğlu