Modern.az

Tarix hec bir hadisəni yaddaşlardan silmir və ya professor Şirməmməd Hüseynova cavab

Tarix hec bir hadisəni yaddaşlardan silmir və ya professor Şirməmməd Hüseynova cavab

10 Mart 2016, 17:40

 

Bu gün bir çoxumuzun ağsaqqal jurnalist kimi tanıdığımız Şirməmməd Hüseynovun AzTV barədə fikirlərini oxuyanda gözlərimə inanmadım. Çünki mənim də vaxtilə çalışdığım bu telekanalı indi «sovet dövrünün televiziyası» adlandırmaq qeyri-mümkündür. Hörmətli professor AzTV-ni sovet dövrünün televiziyası adlandıranda nəyi nəzərdə tutur?

Bu gün AzTV Müstəqil Azərbaycan Dövlətinin milli maraqlarından çıxış edir, doğma dilimizin, ədəbiyyatımızın, tariximizin, milli-mənəvi dəyərlərimizin keşiyini çəkir. Müstəqil Dövlətimizin uğrunda əməkdaşları şəhid olan AzTV deyilmi? Axı məhz AzTV bu gün bir çox ziyalıların böyük maraqla izlədiyi əsrarəngiz muğam televiziya müsabiqələrini, 21-ci əsrin ən böyük və möhtəşəm «Səs» musiqi yarışmasını keçirir, 1-ci Avropa Oyunları kimi irimiqyaslı beynəlxalq tədbiri işıqlandırır.

Digər tərəfdən, maraqlıdır, bəyəm Şirməmməd Hüseynov AzTV-də «Aktual ekran» verilişini aparanda sovet dövrünün əleyhinə çıxırdı? Məgər mərhum akademik Ziya Bünyadovla AzTV-nin efirinə çıxıb Azadlıq meydanında toplaşan xalqımızı və fəalları milli-azadlıq uğrunda mübarizədən vaz keçməyə səsləyən Şirməmməd Hüseynov deyildimi?

Adam xatırlatmağa utanır, amma ertəsi gün minlərlə fəalın BDU-nun qarşısında etiraz aksiyası keçirərək, Ş.Hüseynovu hansı adla çağırdığı bir çoxlarının hələ də yadındadır.

Adamı başqa məsələ təəccübləndirir. Professor elmi mübahisələrdən danışır, amma müdafiə etdiyi Qulu Məhərrəmlinin kitablarını araşdıran jurnalist İlhamə Novruzovanın onu necə ifşa etməsindən söz açmır?

Nədən Qulu Məhərrəmli jurnalist həmkarı İlhamə Novruzovaya cavab verə bilmir? Bəlkə Şirməmməd Hüseynov özü «21-ci əsrin jurnalisti» saydığı Qulu Məhərrəmlidən cavab tələb etsin? Axı, Avropada başqasının əsərini mənimsəyib özününkü kimi qələmə verənə göstərilən ictimai qınaqdan yəqin ki, professorun da xəbəri var. Nə zamandan bəri plagiator «görkəmli və tanınmış jurnalist» adlandırılır, hörmətli professor?  


 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır