
Hər bir ailə üçün sonradan problemə çevriləcək bir məsələ hər zaman aktual olub. Sağlığında valideynlərin miras bölgüsünü qanuni yolla həyata keçirməməsi səbəbindən çox ciddi problemlər yaranır. Dünyasını dəyişən şəxsin övladları arasında yaranan miras davası bir çox hallarda yaxşı sonluqla nəticələnmir.
Xüsusilə, torpaq, ev, maşın və digər əmlakların bölüşdürülməsi hərənin istəyinə uyğun aparılır. Elə problemin əsl mahiyyəti də bu formada böyüyür. Bu zaman ailədaxili münaqişələr qaçılmazdır.Dünyasını dəyişən şəxslərin övladları arasında miras bölgüsü aparması, vəsiyyətnamə yazması və digər bu kimi məsələlər vərəsəlik hüququ ilə tənzimlənir. Bəs vərəsəlik hüququ nədir! Hüquqi cəhətdən necə həyata keçirilməlidir?! Bu suallar ətrafında fikir mübadiləsi aparmağa çalışacağıq.
Öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ictimai-siyasi, iqtisadi, mədəni həyatın bütün sahələrini tənzimləyə biləcək hüquqların qəbul edilməsinə ehtiyac yarandı. Mövcud dövlətin hüquqi əsaslarla idarə edilməsi, vətəndaşların bütün sahələrdə hüquqlarından istifadə edərək çıxış etməsi qanunvericilik sahəsində islahatların aparılmasını sürətləndirdi.
Mülki hüququn əsas sahələrindən biri olan vərəsəlik hüququ önəmli olmaqla yanaşı, həm də ən mürəkkəb institutlardan hesab olunur. Ölkə vətəndaşlarının əmlak sahibi olmaları müxtəlif dövlət aktları və ya vərəsəlik hüququ əsasında formalaşır. Suallar aktual olduğu kimi cavablandırmada da çətinliklər mövcuddur.
Vərəsəlik hüququ dedikdə dünyasını dəyişmiş şəxsin əmlakının digər şəxslərə keçməsi nəzərdə tutulur.
Yəni dünyasını dəyişən vətəndaş (miras qoyan) əmlak və bəzi şəxsi qeyri-əmlakını digər şəxsə (vərəsə) qanunla müəyyən edilmiş qaydada keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun və vəsiyyət üzrə həyata keçirilir.
Maraqlıdır ki, əvvəllər miras üstündə mübahisələrə ancaq şəhər yerlərində rast gəlmək olurdu. Son zamanlarda isə bu “xəstəlik” rayon yerlərinə də yayılıb.
Tanınmış vəkil Müzəffər Baxış miras üstündə yaranan mübahisələrin səbəbləri barədə danışarkən bunları deyib.
“Varislər mirasın ədalətli pay əldə etmək hüquqları uğrunda deyil, daha çox ədalətsiz formada “bəhrələnmək” istəyirlər. Belə “bəhrələnmə” isə son nəticədə cinayətlərə, kriminal hadisələrə gətirib çıxarır. Misal üçün Bakıda bir ailənin miras üstündə ədalətsiz davası ölümlə nəticələnmişdi”.
Vəkilin sözlərinə görə vərəsəliklə bağlı Azərbaycanda bəzi problemlər var. “Bu problemlər ondan ibarətdir ki, bizdə varislər bütün vərəsələr barəsində dəqiq, dürüst məlumat vermirlər. Qanunun, Mülki Məcəllənin 1200-cü maddəsinin tələbinə görə mirası qəbul edən varis digər vərəsələr barəsində notariat orqanına məlumat verməlidir. Təəssüflər olsun ki, bizdə varislər mirası tam şəkildə əldə etmək üçün bacı, qardaş və digər vərəsələr barəsində notariuslara məlumat vermirlər. Notariuslar da şəhadətnaməni konkret bir şəxsin adına verirlər. Bu zaman məhkəmə mübahisələri yaranır”. Müzəffər Baxış deyir ki, vərəsəlikdə qanunla bağlı problem yoxdur.
"Sadəcə, Azərbaycanda vərəsəliklə bağlı məhkəmələrdə çox ciddi mübahisələr var”.
İndiki qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəxs vəfat etdikdən sonra miras açılır və 3 aylıq müddət ərzində varis mirasın qəbul edilməsi barəsində həmin ərazi üzrə notariat kontoruna ərizə ilə müraciət etməlidir. Və yaxud da varis faktiki olaraq mirası idarə edirsə, müraciət etməsə də olar. Bəzən varis müraciət etmədikdə məsələ varisin ziyanına həll olunur. Vəkil Müzəffər Baxış deyir ki, digər problemlərin ortaya çıxmaması üçün varislər 3 aylıq müddətə əməl etməlidirlər.
“Yaxşı olar ki, 3 aylıq müddət ərzində mirasın qəbul edilməsi barədə müvafiq notariat orqanlarına müraciət etsinlər ki, gələcəkdə belə problemlər yaranmasın.
Onların digər qohumları onların müraciət etməməsi və ərizə verməməsindən sui-istifadə etməsinlər. Onların mirasdan heç bir pay əldə edə bilməməsi üçün digər qanunsuz yollara əl atmasınlar”. Azərbaycanda miras bölgüsü ilə bağlı bir reallıq var ki, çoxları onu qəbul etmir. Sağlığında insanlar vəsiyyətnamə yazmağı özlərinə heç cür yaxın buraxmaq istəmirlər. Reallıq isə odur ki, 60 yaşına çatan hər kəs bu barədə artıq düşünmək yox, qərar verməlidir.
Tanınmış hüquqşünas Aslan İsmayılov deyir ki, valideynlər sağlığında vərəsəlik paylarını bölməli və rəsmiləşdirməlidirlər.
“Əvvəlcə deyim ki, ölüm haqqdır və ondan heç kim qaça bilməz. 60 yaşına çatan insan balalarını sevirsə, övladlarının bir-biri ilə münasibətlərinin xoş olmasını istəyirsə, əmlak bölgüsünü sağlığında aparmalıdır. Bizdə isə sağlığında əmlak bölgüsü aparmağı rəva görmürlər. Sonda isə vəziyyət heç də yaxşı olmur. Belə atalar sözü var. “Şərti şumda kəsək ki, xırmanda dava düşməsin”. Çox tanınmış, ziyalı, intellektual səviyyəsi, mədəniyyəti yüksək olan ailələr tanıyıram ki, miras üstündə bir-birlərini qırıblar. Ona görə də valideynlərə birinci məsləhət odur ki, yaşlandıqları dövrdə vərəsəlik paylarını bölməli və rəsmiləşdirməlidirlər. “Bunu sənə, bunu ona verirəm” söhbəti ilə məsələ həll olunmur.
Hərəyə nə çatacaqsa, çalışıb maksimum dərəcədə onun adına rəsmiləşdirmək, ya da vəsiyyətnamə qoymaq, vəsiyyətnamədə kimə və nəyin çatacağını göstərmək lazımdır”.
Hüquqşünasın sözlərinə görə vəsiyyətnamədə qanuna bu gün bir dəyişiklik var ki, çoxları ondan xəbərsizdir.
Əgər əvvəllər valideynin 2 oğlu var idisə, o da birinin adına vəsiyyətnamə yazırdısa, həmin bütün əmlak birinə keçirdi. İndi isə birinin adına vəsiyyətnamə yazıb digərinin adına yazmasa belə qanunda “məcburi pay” hüququ var.
Yəni valideyn bilməlidir ki, 2 övlad arasında 50% -50% bölünməli olan mirasdan ancaq birinin adına yazsa da, qanunla adına pay yazmadığı o biri övlad ona düşəcək payın 25 %-ni alır. Nə miras alan, nə də vəsiyyət edən bilir ki, adına vəsiyyətnamə yazılmayanın da miras payı var. Tutaq ki, 10 minlik mirasını birinin adına vəsiyyət edib. Buna baxmayaraq, vəsiyyətdən kənarda qalan şəxs “məcburi pay” kimi 5 minin yarısını alır. Yəni adına vəsiyyətnamə yazılmayan şəxs həmin “məcburi pay”ı alacaq”.
Qeyd: Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Vərəsəlik hüququ” qanunvericilik və təcrübə mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.
Namidə BİNGÖL