Dekabrın 19-da Belarusda prezident seçkisi keçirilib. Modern.az xəbər verir ki, müstəqil Belarusun tarixində sayca dördüncü prezident seçkisində 10 namizəd iştirak edib. Son məlumata görə, indiki dövlət başçısı Aleksandr Lukaşenko artıq seçkinin qalibi sayılır. Onun 72%-dən çox səs yığıdığı bildirilir.
Belorus qanunvericiliyinə görə, seçicilərin 50 faizinin qatıldığı seçkilər baş tutmuş hesab edilir. Son məlumatlara görə, seçkidə seçicilərin yarıdan çoxu iştirak edib və seçki baş tutmuş sayılır.
Belorus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə 6 390 seçki məntəqəsində keçirilib.
Budəfəki seçki kampaniyanın fərqli cəhəti namizədlərin sayının çox olması idi.
Prezident Lukaşenkonun seçki marafonunda 9 rəqibi olub. Bunlar Andrey Sannikov (“Avropa Belarusu” Vətəndaş Hərəkatı), Vladimir Neklyayev (“Həqiqəti de” Vətəndaş Hərəkatı), Yaroslav Romançuk (Birləşmiş Vətəndaş Partiyası), Qriqori Kostusyov (Belarus Xalq Cəbhəsi), Vitali Rımaşevski (Xristian Demokrat Partiyası), Nikolay Statkeviç (Sosial Demokrat Partiyası), Aleksey Mixalyeviç (“Modernləşmə uğrunda” Birliyi), Viktor Tereşenko (Kiçik və Orta Sahibkarlıq Assosiasiyası), Dmitri Ussdur (sahibkar).
Müxalifətdən olan bir neçə namizəd səsvermə zamanı saxtakarlığa və qanun pozuntularına yol verildiyini bildiriblər. Onlar səsvermə başa çatdıqdan sonra tərəfdarlarını Minskdəki Oktyabr meydanında mitinqə çağırıblar.
Müxalif namizədlərdən biri Andrey Sannikov xarici işlər nazirinin keçmiş müavinidir, 1996-cı ildə Lukaşenkoya müxalifətə keçib. Andrey Sannikov deyib ki, Lukaşenkonun xeyrinə élan olunan nəticələr yalan və saxtadır.
“Qovori Pravdu” müxalifət hərəkatının rəhbəri, prezidentliyə namizəd Vladimir Neklyayev də saxta seçkilərə qarşı mübarizənin yeganə yolunu səsvermədən sonra Oktyabr meydanındakı mitinqə qatılmaqda gördüyünü bəyan edib.
Prezidentliyə digər namizəd Mixail Statkiyeviç də seçkilərin saxtalaşdırıldığını bəyan edib. “Onları demokratikləşməyə məcbur etməkdən başqa seçimimiz yoxdur. Bunun üçün bircə vasitə var - Meydan”-deyə o, bildirib.
Xarici KİV-lər xəbər verir ki, Belorusun Mərkəzi Seçki Komissiyasına seçkilərlə bağlı yüzlərlə şikayət daxil olub. MSK isə bu şikayətlərin seçkiyə elə bir təsir etmədiyini bəyan edib.
Məlumatlara görə, seçkiləri izləyən ATƏT nümayəndə heyəti mövqeyini dekabrın 20-də élan edəcək. Seçkinin gedişini ATƏT-dən 400 müşahidəçi izləyib.
Hakimiyyət dekabrın 19-da gecə müxalifəti hədələyərək istənilən qanunsuz hərəkətin qarşısının alınacağına dair xəbərdarlıq edib.
Xəbərdarlığa baxmayaraq, müxalifətdən olan namizədlər seçiciləri məntəqələr bağlanan kimi Minskin mərkəzi meydanına yığışmağa çağırıblar.
Modern.az ”İnterfaks”a istinadla xəbər verir ın Vladimir Neklyayev və tərəfdarları Oktyabr meydanı istiqamətində hərəkət edərkən, OMON-la toqquşub. Qarşıdurma zamanı xüsusui təyinatlı Belorus milisi dəyənəklərdən istifadə edib, mitinqçilərdən bəziləri saxlanılıb.
Prezidentliyə namizəd Vladimir Neklyayevin də xəsarət aldığı və huşsuz vəziyyətdə meydandan çıxarıldığı bildirlir.
Verilən məlumatlara görə, 100-dək müxalifətçi həbs olunub, 20-dək adam xəsarət alıb. Paytaxt Minskdə vəziyyət getdikcə gərginləşir. Milis mətbuatın da işinə maneçilik törədib, Belorusun informasiya saytlarına giriş məhdudulaşdırılıb.
"İTAR-TASS"-ın məlumatına görə, milisin müdaxiləsinə baxmayaraq dekabrın 20-nə keçən gecə Minskin əsas meydanına 30 minədək müxalifət tərəfdarı toplanıb.