
“Prezident İlham Əliyevin Türkiyədə səfərdə olduğu müddət ərzində Azərbaycanda hər hansı bir təxribat, terror, milli təhlükəsizliyə təhdid olacağına inanmıram. Belə bir ehtimal təbii ki, sıfıra bərabərdir”.
Bu sözləri Modern.az saytına açıqlamasında politoloq Qabil Hüseynli deyib.
“Düzdür, Azərbaycan üçün təhdidlər var və mövcuddur. Amma onun indi baş verəcəyi demək olar ki, mümkünsüz görünür. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları kifayət qədər hazırlıqlı, peşəkar və hadisələri qarşılamağa qadirdir. Xaricdən və daxildən istənilən təhdidlərin, qəsdlərin qarşısını almağa hazırdırlar”.
Q.Hüseynli deyir ki, Prezident İlham Əliyev Ankara səfərində terroru lənətləyən və terrorun himayədarları ilə bağlı siyasi mesajlar verəcək.
“İlham Əliyevin belə bir anda Türkiyəyə səfər etməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasına dəlalət edir. Prezident kifayət qədər comərdlik göstərdi. Ağır günlər yaşayan, terror faciələrinə düçar olmuş Türkiyənin paytaxtına getməklə onlara ürək-dirək vermək çox yaxşı haldır. Eyni zamanda, onun bu hərəkəti Türkiyədə terroru törədən və onların arxasında duran məkrli qüvvələrə bir mesaj xarakteri daşıyır”,-deyə Qabil Hüseynli bildirib.
Politoloq ölkə başçısının bu səfərinin Rusiyanı qıcıqlandıracağı qənaətindədir:
“Prezident İlham Əliyevin belə bir şəraitdə Ankara səfəri Rusiyanı qıcıqlandıra bilər və yəqin ki, də qıcıqlandıracaq. Mənim zənnimcə, Rusiyanın Suriyadan hərbi hava qüvvələrini çıxarması təyyarəsi vurulandan sonra geriyə atdığı 2-ci addımdır”.
Q.Hüseynli düşünür ki, Ermənistan-Azərbaycan cəbhəsinin təmas xətti boyunca düşmənin fəallığını artması istisna edilmir.
“Amma təşəbbüsü tamamilə əlinə almış Azərbaycan ordusu ermənilərin istənilən hərbi cəhdinin qarşısını almağa qadirdir. Bu səbəbdən də ermənilər də Azərbaycanı narahat edən hadisələrdə iştirak etmək fikrinə düşə bilərlər”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Ankara səfəri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası çərçivəsində baş tutub. Rəcəb Tayyib Ərdoğan bu il martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi.
Ancaq martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terrora görə, o, səfərini təxirə salıb. Artıq hər iki ölkə başçısı arasında görüş bu saatlarda gerçəkləşməkdədir.
Ağa AKİFOĞLU