
“Məhkəmə-hüquq sistemində problemlər mövcuddur. İnsanlar əmin olmalıdır ki, onların ölkəyə qoyduğu investisiya qanunla qorunur”.
Modern.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.Onun sözlərinə görə, bəzi hallarda məhkəmə qərarları qüvvəyə minir, lakin onun möhürü qurumamış icraçılar hərəkətə keçir:
“Bir kasıbın, yetimin barəsində məhkəmə qətnamələri dərhal icraya yönəldildiyi halda, bir sıra hallarda məhkəmə qərarları aylarla icra olunmamış qalır.
Bəzən insanlar illərlə məhkəmə qapılarında qalır. Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasına yol vermək olmaz. Qanunvericilikdə məhkəmələrin bu işi ilə bağlı təkmilləşmə aparılmalıdır”.
Q. Həsənquliyev həmçinin prezident İlham Əliyevin bu gün başlanmış Ankara səfərinə də toxunub:
“Ankaradakı terrorun ardınca prezident İlham Əliyevin Türkiyəyə səfəri əsl jestdir. Bunu alqışlamalıyıq. Həmçinin Türkiyə bəzi məqamlarda təhlükəsizliklə bağlı bizdən örnək götürməlidir”.
Aytən Zəhra