Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş üzrə komitəsinin sədri Siyavuş Novruzov deyib ki, neftin qiymətinin düşməsi nəticəsində yaşanan böhran şəraitində Azərbaycan xarici ölkələrlə münasibətlərində öz mövqeyini ortaya qoyub.
Modern.az xəbər verir ki, deputat ölkə Prezidentinin rəhbərliyi altında stabil, düzgün, müstəqil xarici siyasət yürüdüldüyünü vurğulayıb.
“Ötən il Azərbaycanda iki böyük tədbir keçirməklə bunu göstəmiş olduq. Onlardan biri “Bakı 2015” I Avropa Oyunları, digəri isə Azərbaycandakı parlament seçkiləridir. Parlamentə seçilənlərin hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etməsi doğurdan da gülünc hesab olunur. Əgər hökumət bu cür fəaliyyət göstərməsəydi, o zaman sən parlamentə necə seçilə bilərdin?”.
Deputat qeyd edib ki, 2015-ci ildə büdcə dolub, insanlar əmək haqlarını, pensiyasını heç bir kəsir olmadan alıb:
“Tikinti-quruculuq abadlıq işləri davam etdirilib. Bunların hamısı verilən qiymətdir. Burada bəzi məsələr qaldırıldı. Biz burada büdcəni müzakirə etmirik, hesabata qiymət veririk. Bir neçə təklif irəli sürə bilərik. Mənim də bir neçə təklifim var. Bilirsiniz ki, kənd təsərrüfatı sahəsində vergilər götürülüb. Lakin emal müəssisələri, konserv zavodları bu vergilərdən azad olunmayıb. Rəqabət baxımından bu müəssiələr xarici bazara çıxa bilmir. Nəticədə ölkəyə valyuta gətirmək imkanı olmur. Bunlar vergilərdən azad olunarsa, düşünürəm ki, kənd təsərrüfatında geniş şərait yaradıla bilər”.
Komitə sədri hesab edir ki, kənd təsərrüfatı ilə bağlı statistik, proqnozlaşdırılmış mərkəz yaradılmalıdır.
Deputat həmçinin ünvanlı sosial yardımla bağlı fikirlərini bildirib:
“Birdəfəlik pul verməyin heç bir mənası yoxdur. Bunun dünyada mexanizmi mövcüddur. Əgər biri dərzidirsə, ona dərzi maşını, sağıcıdırsa, ona iki inək alıb vermək lazımdır. 100 manat almaqla həmin insanlar nə ailəsini saxlaya biləcək, nə də hər hansı peşə ilə məşğul olacaq. Bu sahədə islahatlar gedir və yəqin ki, islahatlarda bu məsələlər öz əksini tapacaq”.
Aytən Zəhra