Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə hokumətin hesabatı zamanı dərman vasitələrinin ƏDV-dən azad olunmasını təklif edib. Modern.az saytı xəbər verir ki, Milli Məclisdə Hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edən millət vəkili dərmanların qiymətinin bahalığında şikayətlənib.
Millət vəkili çoxlu sayda imkanları zəif xəstələtin üzləşdiyi çətinliklərdən danışıb və hökuməti bununla bağlı tədbirlər görməyə çağırıb: ”Bir az əvvəl elə iclas fasiləsi zamanı qəbuluma bir müəllimə gəlmişdi, onkoloji xəstədir. 100 manat əmək haqqı alır. Müalicə üçün lazım olan dərmanlar 170 manatdan bahadır. Deyir bəs mən nə edim? Və kömək istəyirdi. Belə insanların sayı az deyil. Dərmanların qiymətinin bahalığı ilə bağlı məsələyə cənab Prezident öz sərt münasibətini söyləmiş və tədbirlər görülməsini tapşırmışdı. Hesab edirəm ki, hökumət dərmanların qiymətini artıran süni amillərə, monopoliyalara qarşı sərt mübarizə aparmalıdır. Amma bununla yanaşı, yaxşı olardı ki, icbari tibbi sığortanın tətbiqinə qədər dərman vasitələri tamamilə əlavə dəyər vergisindən azad edilsin. Dərmanlar əlavə dəyər vergisindən azad olunsa, qiyməti bir az ucuzlaşar və bu da insanlara kömək olar”.
Bir çox ölkələrdə dərman vasitələrinin ƏDV-dən azad olunduğu və ya güzəştlər tətbiq olunduğunu deyən millət vəkili Q.Paşayeva hökuməti bu məsələyə qısa zamanda baxmağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva Millli Məclisdə hökumətin 2015 -ci illə bağlı hesabatının müzakirəsi zamanı icbari tibbi sığortanın tətbiqi məsələsinə də toxunub.
“Bu gün tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir”-, deyən millət vəkili hökuməti bu istiqamətdə işləri təcili sürətləndirməyə çağırıb və bunun insanlarımız üçün həyatı önəmini xüsusi vurğulayıb.
Modern.az