Modern.az

Prezident və birinci xanım Novruz şənliyində...

Prezident və birinci xanım Novruz şənliyində...

Təhsil

19 Mart 2016, 13:17

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Milli geyimli oğlanlar və qızlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər, dövlət başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər.

Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxıblar.

Dövlət başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi “Novruz” yarmarkası ilə tanış olublar. Burada bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsullar nümayiş etdirilib. Yarmarkada ölkəmizin 10 iqtisadi rayonundan 42 şirkət məhsullarını təqdim edib.

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Natiq” ritm qrupunun və aşıqların ifalarını dinləyiblər, Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar.

Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinin iştirakçılarında xüsusi maraq doğururdu. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyiblər, qədim el sənətlərinin nümunələrinə baxıblar.

Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxıblar. Burada dövlətimizin başçısına və xanımına çempionatın açılış mərasiminin biletləri təqdim olunub.

İyunun 19-da Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinin başlanmasına bu gün düz üç ay vaxt qalır. Bununla bağlı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Novruz bayramı günlərində dənizkənarı bulvarda “Formula-1” əyləncə zonası yaradıb. Simulyasiya oyunlarına, azyaşlı uşaqlar üçün əyləncə məkanına, könüllülərin və marşalların fəaliyyətini işıqlandıran xüsusi guşələrə yer veriləcək bu zonada konsert proqramlarının təşkili də nəzərdə tutulub.

Burada da Prezident İlham Əliyevə və Mehriban Əliyevaya yarışları izləmək üçün biletlər təqdim olunub.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı