Modern.az

Ankarada qərar verildi: Dünya Türk Media Birliyi yaradılacaq

Ankarada qərar verildi: Dünya Türk Media Birliyi yaradılacaq

Təhsil

22 Dekabr 2010, 18:24

Türkiyənin paytaxtı Ankarada keçirilən “Türk dilində danışan ölkələrin media forumu” dekabrın 22-də başa çatıb. Bu barədə Forumda iştirak edən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı Modern.az-a məlumat verib.

Onun sözlərinə görə, Türkiyə Nazirlər Kabinetinin Media və İnformasiya Baş İdarəsinin və Türkiyə XİN-in nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumun yekun Bəyannaməsi qəbul edilib.
Qərara alınıb ki, yaxın gələcəkdə Dünya Türk Media Birliyi yaradılsın.

Eyni zamanda razılaşdırılıb ki, Forum çərçivəsində növbəti toplantı gələn ilin fevralında Ankarada keçirilsin. Bundan başqa, 2011-ci ilin oktyabrında daha bir tədbirin keçirilməsi qərara alınıb. Yekun Bəyannaməyə görə, digər türk toplumlarının da cəlb olunması məsələsi gündəmdə saxlanılacaq.

Ankarada keçirilən budəfəki toplantıda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kirpdən televiziya, qəzet və informasiya agentliklərinin rəhbərləri türk dünyası mediasının əməkdaşlıq perspektivlərini müzakirə edirlər.

Forumda Azərbaycandan MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurası sədri Əflatun Amaşov, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Xəzər" TV-nin icraçı direktoru Hüseyn Dinləməz, redaktoru Qulu Məhərrəmli, Qafqaz Media Mərkəzinin rəhbəri, jurnalist Sevil Nuriyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı, “Yeni Nəsil” JB-nin sədri Arif Əliyev, DJL-nin sədri Yadigar Məmmədli, Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünal, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal iştirak ediblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə