Modern.az

Tarixi iki il olan kədərli xəbər

Tarixi iki il olan kədərli xəbər

Təhsil

1 Aprel 2016, 14:58



2014-cü ilin mart ayının 31-i idi. Dərslərimi deyib qurtarmışdım. İnternet səhifələrində son xəbərlərə baxırdım. Birdən gözləmədiyim bir xəbərlə rastlaşdım: saytlarda vəzifəli şəxlərin birinin qardaşının 75 yaşında dünyadan köçdüyü haqqında xəbər verilmişdi.

Sarsıldım…

İsa Cavad oğlu Əliyev mənim qrup yoldaşım idi. Azərbaycan Dövlət Universitetinin qiyabi filologiya fakültəsində 6 il bir jerdə oxumuşduq. O vaxtlar hər ikimiz tokar idik. O, Paris Kommunası adına Gəmi Təmiri Zavodunda, mən isə leytenant Şmidt adına zabodda işləyirdim. Dost idik. Bəlkə də bizi dostlaşdıran elə bu fəhlə ixtisası  idi. 

İsa fakültədə ruscanı hamıdan yaxşı bilirdi. Əsgərlikdə olması, atasının vaxilə partiya və sovet orqanlarında işləməsi onun dilbilmə qabiliyyətlərinin əsas  səbəblərindən sayıla bilərdi. O, hələ tələbə ikən Məhəmməd Peyğəmbər haqqında  rus dilində yazılmış iri həcmli bir əsəri Azərbaycan dilinə uğurla tərcümə etmişdi. Bu əsər çap olunmasa da İsanın xalq iclasçısı olduğu Ali Məhkəmənin əməkdaşları tərəfindən maraqla qarşılanmış, üzü köçürülərək geniş şəkildə yayılmışdı.

İsanın diplom işi rus-Azərbaycan ədəbi əlaqələrinə aid idi. Maraqlı iş alınmışdı. Müdafiə də uğurla keçmişdi. Müdafiə zamanı komissiya üzvlərinin və diplom rəhbəri professor Hidayət Əfəndiyevin təkidli xahişlərinə baxmayaraq, o, universitetdə qalıb elmi işini davam etdirmək istəmədi. İstehsalatda qaldı, Montin adına zavodun həmkarlar təşkilatının sədri seçildi, Xətai rayonu İcra Hakimiyyətində  mənzil məsələləri üzrə mütəxəssis işlədi. Sontralar yenə də zavoda qayıtdı, təqaüdə də buradan çıxdı.

İsa dünyadan köçəndə 70 yaşı təzəcə tamam olmuşdu.  Tarixdədə qalmaqdan ötrü onu da deyək ki, nekroloqda İsaya aid edilən  75 yaş və soyad da düz deyildi.
 
İsa təqaüdə çıxarılandan sonra nəvələrini başına yığıb, öz aləminə qapanmışdı. Bir az nasazlığı hiss olunurdu. Qardaşı ona dayaq oldu, həkimləri Bakıya yığdı, İsanı dünyanın ən yaxşı həkimlərinin yanına göndərdi. Lakin  31 mart 2014-cü ildə - Soyqırımı günündə  İsa  dünyadan köçdü. Onu valideynlərinin və qohum-əqrəbalarının dəfn olunduğu Mehdiabad qəbirstanlığında torpağa tapşırdıq.

O gündən iki il keçir. İki ildir ki, mən ən yaxın dostumu itirmişəm. İki ildir ki, İsanın övladları onu gecə də, gündüz də xatırlayırlar. İki ildir ki, İsanın babasız qalan nəvələri onun ölümünə inanmırlar.
 
Nazim Nəsrəddinov,
əməkdar müəllim
01.04.2016

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı