Modern.az

Azay Quliyev 44-ə ÇATDI

Azay Quliyev 44-ə ÇATDI

23 İyun 2015, 11:39


Bu gün Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin doğum günüdür. Modern.az saytının məlumatına görə, onun 44 yaşı tamam olub.

Azay Quliyev 23 iyun 1971-ci ildə Ermənistan SSR-in, Sisian rayonun Vağudi kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb.

1989-1991-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmət keçib.

1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, "Kennedy School"da, "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında, 2007-2013-cü illərdə isə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil alıb.

1993-1998-ci illərdə "Elitar" Gənclər Klubunun və "Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı" İctimai Birliyinin sədri olub.

1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti vəzifələrində çalışıb.

2001-2003-cü illərdə Almaniya Texniki Əməkdaşlıq Agentliyinin (GTZ) Azərbaycan nümayəndəliyinin vətəndaş cəmiyyəti üzrə eksperti olub.

2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, 2013-cü ildən isə bu qurumun Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavinidir.

Azay Quliyev 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir. Dövlətin vətəndaş cəmiyyətinə dəstəyinin uğurlu mexanizmi olan Şura QHT-lərə məlumat, təşkilati-texniki, konsultativ, maliyyə və metodiki yardım edir.

A.Quliyev həm də 2011-ci ildən Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil və Vətəndaş Cəmiyyəti Komitəsinin sədr müavinidir.

İngilis, rus və türk dillərini bilir. Ailəlidir, üç övladı var.

Azay Quliyevin müəllifliyi ilə Milli Məclisdə 2 qanun qəbul edilib:

1.“Könüllü fəaliyyət” haqqında Azərbaycan Respublikasının qanunu (2009).  Bu qanunla könüllü fəaliyyətin istiqamətləri və təşkilatçılarının əhatə dairəsi, könüllülərin hüquqları və vəzifələri müəyyən edilib.

2. “İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikasının qanunu (2013). Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

Azay Quliyev 2013-cü ildə “Qeyri-Hökumət Təşkilatlarının İctimai-Siyasi Sistemdə yeri: Milli və Beynəlxalq Təcrübə” mövzusunda dissertasiya işi müdafiə edib. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu