Modern.az

Azərbaycan turizminin inkişaf imkanları...

Azərbaycan turizminin inkişaf imkanları...

İqtisadiyyat

18 İyun 2016, 22:50

Turizm neftin ucuzlaşması ilə itirilən valyutanı ölkəmizə qazandıracaq əsas sahələrdəndir

 

İyunun 6-da Mingəçevir şəhərində idim. Bu şəhərə hər səfər edəndə Kürün kənarını gəzməyi çox sevirəm. “Bakı 2015” I Avropa Oyunları çərçivəsində Mingəçevirdə avarçəkmə yarışlarının keçirildiyi məkanı görmədiyimdən şəhərə gəlmişkən həmin ünvana baş çəkərək həm yeniliyi, həm də Kürün lal axınını seyr etmək istədim. Əraziyə giriş ancaq “Kür” mehmanxana və idman kompleksinin həyətindən olduğundan maşını həmin əraziyə sürdük. Bizi qarşılayıb nə məqsədlə gəldiyimizi soran mühafizəçilərə  avarçəkmə yarışlarının keçirildiyi hissəyə baxacağımızı bildirib ora üz tutduq. İlk şəkli çəkmək istəyəndə isə mehmanxananın mühafizəçisi Ərəbzəngi kimi başımızın üstünü aldı. Sən demə, rəhbərlik ərazidə turistlərin şəkil çəkdirməsini qadağan edib. Rəhbərliyə müraciət edib otelin deyil, Kürün bu ərazidən görüntüsünü çəkmək üçün icazə almaq istəsək də, bu mümkün olmadı. Mühafizəçinin müşayəti ilə ərazisini tərk edəndə isə istər-istəməz İzmirə səfər edərkən qarşılaşdığımız mənzərəni xatırladım. Nəinki qalmaq üçün maraqlandığımız, hətta yanından belə keçdiyimiz otellərin gülərüz personalı bizə çalışdıqları məkanın özəlliklərini bir neçə saniyədə anlatmağa çalışırdılar. Bu isə təbiidir. Artıq hər kəs razılaşır ki, hər məlumat alan, hər maraqlandırılan şəxs sabah o əraziyə turist kimi gələ bilər. Hər turist isə təkcə gəzdiyi ölkədə gördüklərinin sonradan təbliğatçısı olmur, həm də xərclədiyi valyuta ilə ölkənin inkişafına töhfə verir.

Bu yazını hazırlayarkən Mingəçevirdə rastlaşdığım mənzərəni təsadüfən xatırlamadım. Bu gün Azərbaycanın əksər türizm məkanlarında vəziyyət kiçicik fərqlə oxşardır, desəm, yanılmaram. Əksəriyyətimiz tanrının bizə bəxş etdiyi əsrarəngiz gözəllikləri olan təbiətimizdə bir dəfə istirahət üçün üz tutduğumuz məkana ikinci dəfə getmək istəmirik. Baxmayaraq ki, məşhur filmdə deyildiyi kimi “onun-bunun kinosuna 43 dəfə baxırıq”. Çox uzağa getməyək, elə hər yay Gürcüstanda yüzlərlə azərbaycanlı ayaqlarını Qara dəniz sahilinin iti daşları kəsmiş halda vətənə dönür. Əcnəbiləri bir tərəfə, bəs nədən elə soydaşlarımız istirahət üçün Novxanıda Xəzərin qumlu sahilini yox, Batuminin daşlı sahilini seçirlər? Axı Azərbaycan təbiəti bu gün türist kimi üz tutduğumuz ölkələrin təbiətindən daha gözəldir.

 

 

 

Turizm sektoruna çəkilən xərc də, ölkəyə gələnlərlə müqayisədə gedənlər də iki dəfə artıb

 

Son illər respublikamızda turizmin inkişafı prioritet istiqamətlərdən hesab olunur. Turizm sahəsinə yerli və xarici investisiyaların cəlbi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müasir standartlara cavab verən infrastrukturun yaradılması üçün ciddi addımlar atılır.

 

İllər

 

Cəmi

turistlərin

sayı, nəfər

Qəbul edilən

turistlərin sayı, nəfər 

Xaricə üz tutan

turistlərin sayı, nəfər 

Azərbaycandakı turizm müəssisələrinin sayı

Turizm fəaliyyətinə çəkilən xərclər

(Min manat)

Turizm fəaliyyətindən əldə olunan gəlirlər

(Min manat)

2007

56290

12356

43934

117

9763,1

11646,1

2008

59607

19288

40319

123

11909,5

12987,6

2009

59700

17009

42691

124

13220,7

14013,6

2010

69923

17641

52282

126

13805,7

14755,5

2011

83620

18840

64780

141

16065,6

17804,7

2012

101431

23440

77991

170

18903,1

21597,1

2013

91961

10605

81356

197

21818,2

24823,6

2014

92 305

10 657

81 648

218

25 708,6

26 031,0

 

Dövlət Statistika Komitəsinin rəsmi məlumatı əsasında tərtib etdiyimiz cədvəldən də görünür ki, əgər 2007-ci ildə respublikamızda 117  turizm müəssisəsi vardısa, 2014-cü ildə onların sayı 218-ə çatıb. Hazırda isə ölkə ərazisində 340 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu müddətdə ölkəmizdə turizm fəaliyyətinə çəkilən xərc 15 945,5 min manat artıb. Amma görülən bütün tədbirlərə baxmayaraq, hələ də ölkəmizdən xaricə üz tutanların sayı ölkəyə gələn turistlərdən dəfələrlə çoxdur. Belə ki, 2007-ci ildə ölkəmizə 12 356 nəfər turist gəlib, 43 934 nəfər gedibsə, 2014-ü ildə ölkəyə gələnlərin sayı 10 657 nəfər olub. Bu da 2007-ci ildə ölkəmizə gələn turistlərin sayından 14 faiz azdır. Halbuki həmin müddətdə ölkədən gedənlərin sayı 43 934 nəfərdən 81 648 nəfərədək, təxminən iki dəfə artıb. Yalnız “Bakı 2015” I Avropa Oyunlarının keçirildiyi 2015-ci ildə ölkəmizə 28 000-ə yaxın turist gəlib.

 

 “Səyahəti sevən insanlar 5-6 saat yatmaq üçün 150 dollar ödəmək istəməz”

 

Ekspertlər isə ölkəmizdə indiyədək turizmin inkişafına mane olan səbəblər sırasında, əsasən, aviabiletlərin bahalığı, turizm obyektlərin xidmətin səviyyəsinin aşağı, qiymətlərin isə yüksək olması və ölkəmizə viza alınmasındakı çətinlikləri önə çəkirlər.

İndiyədək 25 ölkənin 100-dən artıq şəhərinə səyahət edən Gülər Mehdizadə deyir ki, ötən ilin devalvasiyasından sonra belə yaxın ölkələrdə istirahət Azərbaycanın hər hansı bölgəsindən ucuzdur: “Təkcə ucuz deyil, həm də orada əsəbdən, stressdən uzaq istirahət etmək mümkündür. Booking.com otel axtarış saytında axtarış aparanda görünür ki, respublikamızdakı otellərin əksəriyyəti 4 və 5 ulduzludur. Ən ucuz qiymət isə bir gecə üçün 100 manatdır. Halbuki 2-3 ulduzlu, hətta sinifləndirilməmiş otellər tikilə bilərdi. Məhz belə obyektlərin varlığı ilə bağlıdır ki, Gürcüstanda istirahət Azərbaycanın turizm bölgəsindəki istirahətdən 2-3 dəfə ucuz başa gəlir. Otel baha, uçuş baha, restoranlar baha, viza almaq prosedurları çətin və üstəlik o qədər də yüksək olmayan xidmət də baha. Belə olan halda əcnəbi turist bizim ölkəyə gəlməyə nə üçün üstünlük verməlidir?”.

 

 

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, turizmi inkişaf etdirmək istəyən ölkə islahatlara ilk növbədə vizaların ləğvi və ya viza alınmasının asanlaşdırılmasından başlamalı idi: “Hazırda Gürcüstan ölkəyə turistlərin gələ biləcəyi bütün ətraf ölkələrlə, o cümlədən Avropa Birliyi, Amerika, Çin, Yaponiya ilə vizanı ləğv edib. Gələn qonaqlara isə müəyyən müddət qeydiyyatsız Gürcüstan ərazisində qalmağa icazə verir. Azərbaycan isə bir ay öncəyədək dünyada ən çətin viza alınan ölkələr sırasında idi. Ölkəyə gələn kimi Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçmək tələb olunur ki, bu isə ölkəyə gəlmək istəyən potensial turisti ilk andaca bu fikirdən çəkindirir. Çünki onların çətinliklə viza əldə etməyə, ölkəyə gələrkən qeydiyyata durmağa hövsələsi çatmır. Demək, ilk problem hələ ölkənin girişində başlayır. Daha bir problem həm təyyarə, həm də ölkə daxilində yerləşən müxtəlif otellərin, xidmət sahələrinin qiymətləri ilə bağlıdır. Bu gün Bakıda və regionlarda açılan bu otellər çox bahalıdır. XXI  əsrin turist obrazı isə daha az pula daha çox yer görmək istəyən turistdir. Səyahəti sevən insanlar 5-6 saat yatmaq üçün 150 dollar ödəmək istəməz”.

Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov da deyir ki, nəinki əcnəbi turistlər, bir çox hallarda vətənə gəlmək istəyən xarici ölkə vətəndaşı olan azərbaycanlılar da həftələrlə viza ala bilmirdilər: “Brüsseldən savayı digər Avropa ölkələrində vizanın alınması ən azı iki həftə vaxt aparırdı. Bakıda və regionlarda 2-3 ulduzlu otellərin, hostellərin  olmaması da ölkəyə turist gəlməsinə mane olan amillərdəndir. Ölkəyə ucuz xidmət göstərən aviaşirkətlərin də sərnişin daşımasına icazə verilməlidir. Kütləvi turizmlə məşğul olmaq üçün bu cür problemlərin aradan qaldırılması zəruridir”.

 

Turist cəlbinin daha asan yolu  - kənd turizminin inkişafı

 

Amma artıq sənədləşmə zamanı turistlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində bir sıra addımlar atılıb. Ölkəyə turistlərin gəlməsinə əsas maneələrdən sayılan vizaların verilməsindəki çətinliklər aradan qaldırılıb. Ölkə başçısının sərəncamı ilə vizaların verilməsi ilə bağlı xidmətlər ASAN Xidmətə verilib. "Asan Viza" Xidmətinin açılması ilə yanaşı, 2016-cı ilin sonunadək yeni "Turizm qanunu"nun qəbul ediləcəyi və bu qanuna əsasən Təhsil Nazirliyi tərəfindən "Məktəbli-turist" layihəsinin reallaşdırılacağı gözlənilir. Həmçinin, artıq respublikamıza gələnlər daha ucuz təyyarə reysləri tapa bilərlər. İstər “AZALJET”, istərsə də “Wizz Air” daha ucuz qiymətə sərnişin daşımaqla məşğul olur. Belə olan halda ölkəyə daha çox turist cəlb etmək üçün daha hansı addımlar atılmalıdır?

 

 

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahə olduğunu bildirib: “Bu gün turizm dünya iqtisadiyyatının üç əsas istiqamətlərindən biri kimi sürətlə inkişaf etməkdədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra turizmin inkişafı üçün böyük layihələr icra olunub. Son bir neçə ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Ölkəmizdə dünya miqyasında tanınan brend hotellər istifadəyə verilib. Bu gün Azərbaycan istənilən sayda turist qəbul etmək imkanına malikdir”.

Əksər ekspertlər də razılaşır ki, bu gün ölkəmizə turistlərin cəlb edilməsinin bir yolu da kənd turizminin inkişafıdır. Kənd turizminin inkişafı üçün müəyyən güzəştlər də var. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən ailə-kəndli təsərrüfatının hər bir üzvünə il ərzində 5000 manatadək gəlir əldə edilərsə, o, heç bir vergiyə cəlb olunmur. Həmçinin, həmin ailələr milli mətbəximizin nümunələrindən, tarixən yaşadılan əl sənətlərini öz evlərindən ayrılmadan turstlərə təklif edə bilər. Hazırda isə bu sahənin inkişafı üçün insanların bilgiləndirilməsinə və ilkin bazanın qurulması üçün kiçik maddi dəstəyə ehtiyac var.

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov da deyir ki, kənd turizminin inkişafının bir sıra üstünlükləri var: “Hazırda bu sahə dünyanın bir çox ölkələrinin ümumi  turizmində təxminən 12 faizlik bir paya malikdir. Kənd turizmi həm də yaşıllığa, ətraf mühitə ziyan vurmadan kənd əhalisinə gəlir gətirir. İndiki dönəmdə bu kəndlərimizdə məşğulluğun artmasına da kömək edə bilər. Bu sahənin inkişafı büdcəsi boş olan bələdiyyələrə də fayda verə bilər”.

 

 

Yazının əvvəlində vurğuladığım Ege bölgəsinə səyahət zamanı diqqtimi çəkən başqa bir məsələ əksər yerlərdə hər bir ailənin öz evinin qarşısında uzun illərdir yaşatdığı və davam etdirdiyi ailə sənətini turistlərə təqdim etməsi oldu. Çeşmə, Alaçatı, Səfərihisar, Foçada da, Şirincədə də bunu görə bildik. Burada ən müxtəlif əl işlərindən tutmuş, ailələrin özlərinin hazırladıqları ev yeməkləri və şirniyyatlara qədər hər şey var idi. Turistlərin əksəriyyəti isə restoranlarda verilən avropa yeməklərindənsə evlərdə hazırlanan yerli yeməklərdən yeməyi, bazarlarda satılan çin mallarındansa, evlərdə hazırlanan əl işlərinə pul xərcləməyə üstünlük verirdilər. Bu gün istənilən bölgəmizdə əl sənətinin varlığı, əksər azərbaycanlı ailəsinin milli mətbəximizin sirlərinə bələdçiliyi və onu təbliğ etmək imkanına malik olduğu heç kimə sirr deyil. Demək, turizmin inkişafı ilə iş üçün bölgələrdən paytaxta gələn, amma neftin qiymətinin ucuzlaşdığı, Bakının tikinti sahələrinin qapandığı bir dönəmdə işsiz qalan yüzlərlə insan elə öz rayonlarında iş tapa bilər...

 

Xalid Vahidoğlu

 

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU