Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) 103 xidməti anomal sitilərlə bağlı bir neçə gündür ki, gücləndirilmiş iş rejiminə çalışır.
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Nazirlik rəsmisi deyib ki, iyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı metropoliten stansiyaların qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdirilib:
“Ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur.
Ötən gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 103 xidmətinə ümumilikdə 2133 müraciət daxil olub. Müraciət edənlərin 220-si stasionar şöbələrə yerləşdirilib. Bunların 10-u günvurma hadisəsi ilə bağlı olub, 9-u xəstəxanalara yerləşdirlib.
Yay mövsümü girdiyi müddətdən bu günə kimi günvurma diaqnozu ilə 62 müraciət daxil olub. Onlardan 46-sı kişi, 12-si qadın, 4-ü isə uşaqdır”.
S.Əhmədova qeyd edib ki, ilansancma diaqnozu ilə 17 müraciət daxil olub. Ölüm faktı qeydə alınmayıb.