Məktəblilərin yaz tətili günləri başlayıb. Bəzi valideynlər bu günlərdə uşaqları istirahət və əyləncə üçün parklara aparmağa üstünlük verirlər. Amma parklarda istirahət etmək uşaqlara heç də ucuz başa gəlmir.
28 yaşlı valideyn Gülnar Bayramova deyir ki, adi parka gedəndə cibində ən azı 10 manat olmalıdır.
“Parka gedirsən, uşaqlar karuselə minmək istəyir. Bir karusellə kifayyətlənmirlər ki, su, yemək də almağa məcbursan. Mili Parkda karusellərdə əylənmənin qiyməti indi elədir ki, ora getməyinə peşman olursan. 3 dəqiqəsi 2 manata da karusel olar? Heç mən günə 2 manat qazana bilmirəm”.
Parklardakı atraksionların qiymətləri ilə maraqlandıq. Mili Parkda atraksionların qiyməti 2 manatdan ucuz deyil.
Əgər, avtodrom tipli atraksiona minmək istəsən, 2 manatdan ucuzunu tapa bilməzsən.
Atraksion nəzarətçisi deyir ki, maşınlar İtaliyadan gətirildiyinə görə qiymətlər bir qədər bahadır. “Bildiyimə görə, 1 maşın 7 min manata başa gəlir. Maşınlar hər il alınmır, sadəcə lazım olanda təmir etdiririk”. Nəzarətçi onu da qeyd etdi ki, atraksionlara kənardan baxıb gedənlər ona minmək istəyənlərdən daha çoxdur.
Nərimanov parkında isə atraksionların qiyməti nisbətən ucuzdur. Qiymətlər atraksionların növlərinə görə dəyişir. Avtodromdan istifadənin 3 dəqiqəsi 50 qəpikdir. Vikinqlərdə qiymətlər bir qədər fəqlidir. Burada 3 dəqiqəyə görə 70 qəpik ödənək lazımdır. Ən ucuz başa gələn isə yelləncəklərdir ki, bunun da 5 dəqiqəsi 20 qəpikdir.
Avtodrom nəzarətcisi Nazimin sözlərinə görə, maşınların təmiri çox baha başa gəlir. “Maşınlar Türkiyədən gətirilir. Biz də ildə heç olmasa, bir dəfə təmir etdiririk”.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, Milli Parkda atraksionların qiyməti heç də baha deyil: “Atraksionların qiymətlərini biz müəyyənləşdirmirik. Qiyməti sahibkarlar özləri müəyyən edir. Biz yalnız həmin yeri icarəyə veririk. Sahibkarla ancaq müqavilə bağlanır. Atraksionlara qoyulan qiymətlərə də müdaxilə etmirik. Məsələn, Tarif Şurası müəyyən edir ki, komunal xərclər bu qiymətlərdən yuxarı olmamalıdır. Ancaq, Tarif Şurasında atraksionların qiymətləri ilə bağlı heç bir göstəriş yoxdur”. Nazim Məcidovun sözlərinə görə, bulvardakı atraksionlar Fransadan, İtaliyadan, Almaniya, Çin və İrandan gətirilib.
O, hesab edir ki, eletrik enerjisindən istifadə, atraksionların xaricdən gətirilməsi kimi xərclər də qiymətlərə təsir göstərən amillərdir. Təhminə Paşayeva