Avtomobillərin dövlət qeydiyyat nişanı (nömrə) ölkə ərazisində və ya xaricdə yol hərəkətində olarkən hər bir nəqliyyat vasitəsini fərqləndirən xüsusi lövhədir. Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün dövlət rüsumu müəyyənləşdirilib. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Qanunla 18 manat müəyyən edilib. Qeydiyyat şəhadətnaməsi üçün isə 15 manat rüsum ödəmək lazımdır.
Avtomobil sahibləri isə bildirirlər ki, nömrə nişanı almaq heç də qanunda nəzərdə tutulan rüsumu ödəməklə başa gəlmir. Onlar qeydiyyat nişanına görə dövlət rüsumundan xeyli artıq pul ödədiklərini iddia edirlər. Deyirlər yaxşı nömrələrin də öz qiymətləri var.
Amma etiraf etmək lazımdır ki, bir çox hallarda şəxsi minik avtomobillərinin dövlət qeydiyyat nişanı ilə təmin olunması prosesi zamanı vətəndaşların özləri qanunsuzluğa şərait yaradır. Yəni bəzi avtomobil sahibləri istədikləri nömrə nişanını amaq üçün dəridən-qabıqdan çıxır, rəsmi qurumun əməkdaşlarına rüşvət təklif edir, onları qanunu pozmağa şirnikləndirirlər. Belələri əsasən, sıfırla başlayan (məsələn, 015, 005, 009), cüt (200, 600, 900 və s.), güzgü effektli (101, 303), eynirəqəmli (666, 111), ya da avtomobil sahibinin telefon nömrəsinin sonluğu ilə eyniyyət təşkil edən nömrələri əldə etməyə çalışan maşın sahibləridir. Həmin nömrələrə malik olan maşın sahibləri deyirlər ki, onlar belə dövlət qeydiyyat nişanları almaq üçün 500-1500, bəzən də daha yuxarı məbləğ ödəməli olublar.
Məsələn, şəkildə gördüyünüz bahalı avtomobil müğənni Faiq Ağayevə məxsusdur. Nömrəsinə diqqət yetirin: müğənninin ad və soyadının baş hərfləri qeyd edilib, yanında da üç eyni rəqəmlər...
Yəqin ki, nömrə nişanlarına belə özəl həvəs göstərən azərbaycanlı avtomobil sahibləri bütün MDB məkanında seçilirlər. Çünki bizdən fərqli olaraq keçmiş SSRİ respublikalarının heç birində yuxarıda bəhs etdiyimiz nömrə nişanları o qədər də dəbdə deyil.
Araşdırmalar göstərir ki, eynirəqəmli, cüt, güzgü effektli (avtomobil sahiblərnin diliylə desək «zerkalnı») kimi bahalı nömrələri almaq hər adama qismət olmur. Bunun üçün ya Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat şöbəsində yaxşı tanış tapmalısan, ya da pullu olmalısan ki, tələb olunan məbləği ödəməkdə xəsislik eləməyəsən.
Adətən bahalı nömrə nişanları almaq istəyi tipik «avtoş»lara xas xüsusiyyət kimi qeyd edilsə də, bu, Azərbaycanda belə deyil. Çünki avtomobil sahibləri arasında «prestijli» nömrələr sayılan həmin qeydiyyat nişanlarına malik olanların əksəriyyəti vəzifəli şəxslərin övladları, kommersantlar, şou-biznesin pullu-paralı nümayəndələridir.
Araşdırmalar göstərir ki, hansı məqsəd daşımasından asılı olmayaraq, bir çox avtomobil sahibləri qeyri-adi və ya «prestijli» nömrələr əldə etmək üçün istənilən məbləğdən keçməyə hazırdırlar. Onlar adi vətəndaşlardan başqa xüsusiyyətlərlə yanaşı, həm də avtomobillərinin nömrəsi ilə fərqlənmək istəyirlər.
Xatırladaq ki, sovet dövründə cüt nömrələr yalnız yük maşınları və «Zaporojes» avtomobillərə verilirdi. Amma müstəqillik ilərindən sonra çoxları üçün əlçatmaz olan «prestijli» nömrələrin özəl qiyməti formalaşdığından, indi onu hər adam ala bilmir.
Amma Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az saytına bildirib ki, avtomobillərə dövlət nömrə nişanı verilmə proseduru belədir: “Nömrələr müraciət edənlərə növbəlilik əsasında verilir. Yəni nömrələrə ayrı-seçkilik qoyulmur ki, bu cüt nömrədir və ya əksinə... Kimin qismətinə çıxır ona verilir...”.
K.Əliyevin sözlərinə görə, dövlət qeydiyyat nişanının verilməsi zamanı növbəsi çatan avtomobil sahibinin bəxtina hansı nömrə düşürsə, dövlət rüsumu ödənilməklə ona verilir. Yəni həmin nömrə cütrəqəmli də ola bilər, qarışıqrəqəmli də...
Kamran Əliyev onu da qeyd edib ki, Azərbaycanda maşın nömrələri arasında heç bir qiymət fərqi yoxdur. O, bahalı nömrələrin olduğu barədə deyilənləri də rədd edib.
Avtomobillərə yuxarıda qeyd edilən qeyri-adi nömrələrin verilməsi və bu proses zamanı vətəndaşlar arasında ayrı-seçkilik edilməsi məsələsinə son quyulması üçün Azərbaycanda da Rusiyanın bəzi vilayətlərindəki praktika tətbiq oluna bilkərmi?
Qeyd edək ki, Rusiyanın bəzi vilayətlərində cüt, oxşar, eynirəqəmli, təkrar edilən avtomobil nömrələrinin verilməsi zamanı rüşvətin qarşısını almaq üçün çox müxtəlif orjinal üsullara əl atıblar. Məsələn, Kamçatka vilayətinin Daxili İşlər Şöbəsi belə nömrələri ancaq zibildaşıyan və ya sanitar-gigiyena işlərinə baxan kommunal xidmət maşınlarına verir. Bəlkə Azərbaycanda da həmin üsul tətbiq edilsin?...
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin məsələyə münasibəti belə olub: “Hesab edirəm ki, bu mümkün deyil. Biz belə nömrələri necə saxlayıb kommunal xidmət maşınlarına verə bilərik. Dedim axı, bütün nömrələr müraciət edənlərə növbəlilik əsasında verilir.
Həm də mən elə ölkə tanımıram ki, orada cüt və ya qoşarəqəmli nömrələri ancaq zibildaşıyan və ya digər kommunal xidmət maşınlarına verirlər...”.
Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.
Modern.az
P.S. Görəsən eynirəqəmli, cüt, güzgü effektli nömrələr qeydiyyat nişanı almaq növbəsi çatan kasıb avtomobil sahiblərinin qismətinə niyə düşmür..?