Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasının 20 ili tamam olur. BAMF 1992-ci ildə xalqımızın üzləşdiyi mürəkkəb və ağır vəziyyətdən ölkəmizin xilasına mümkün qədər yardım göstərmək amalı ilə öz dövlətini sevən, təbliğ edən bir qrup jurnalist və ziyalılar tərəfindən yaradılmış beynəlxalq müstəqil təşkilatdır. Fond 04 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınıb. Bu barədə BAMF-ın yaradıcısı və sədri Umud Rəhimoğlu məlumat verib.
Onun sözlərinə görə, ötən 20 ildə çox böyük uğurlara imza atan BAMF BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA), habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
BAMF-ın 4 əsas fəaliyyət istiqaməti var: Media və vətəndaş cəmiyyətinin inkişafı, Qaçqınlar və məcburi köçkünlərin problemləri, Böhranın idarə olunması, sülhməramlı aksiyalar və konfliktologiya, İcmanın inkişafı.Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvüdür.
U.Rəhimoğlu BAMF gördüyü işlərdən danışarkən bildirib ki, təşkilat fəaliyyətinin ilk illərindən hal-hazıradək əcnəbi jurnalistlərin Azərbaycana səfərlərini təşkil etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğal faktı ilə əlaqədar məlumatların dünya informasiya şəbəkələrində yayılması üçün çoxsaylı layihələr həyata keçirmişdir. Beynəlxalq təşkilatların, BMT agentliklərinin təşkil etdikləri yüksək səviyyəli toplantılarda BAMF-ın nümayəndələri mütəmadi iştirak edirlər, mötəbər tribunalardan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar. Azərbaycanın müxtəlif regionlarda müharibədən zərərçəkmiş insanlara, gənclərə yönəlik humanitar yönümlü layihələr həyata keçirir.
U.Rəhimoğlu 20 illiklə bağlı danışarkən özünün və komandasının hazırda daha çox sentyabrın 17-19-da Bakıda keçiriləcək beynəlxalq “Neft Qaz Media” konfransının təşkilatı işləri ilə məşğul olduğunu deyib. Daha sonra o, bildirib ki, bu gün BAMF-ın ofisi yerləşən ərazidə quruculuq, abadlıq, tikinti işləri aparılır. Hazırda ərazidə aparılan geniş abadlıq və quruculuq işlərinə, beynəlxalq standartlara uyğun olaraq BAMF-ın ofisi də təmir-tikinti aparılmaqla yenidən qurulacaq. Sonda U.Rəhimoğlu BAMF-ın yenidən qurulmuş ofisində Fondun üzvü olduğu, əməkdaşlıq etdiyi dünyanın aparıcı beynəlxalq təşkilatlarının nümayəndələrinin də iştirakı ilə geniş yubiley tədbiri keçirəcəklərini bildirib.
Moden.az