Azərbaycan təbiətini təkcə qlobal istiləşmə dəyişmir
Son dövrlər iqlim dəyişkənliyi dünya ölkələrinin ən çox müzakirə etdiyi mövzulardan biridir. İqlim dəyişkənliyi, havanın qeyri-sabitliyi planetin bir parçası olan Azərbaycan da yan keçmir. Bəs səbəblər nədir? Yalnız qlobal istiləşmə? Ən əsası bu dəyişikliklər Azərbaycan ərazisinə və onun təbii örtüyünə necə təsir edir?
“Azərbaycan iqlimi ilə bağlı ciddi problemlər yaşanmır. Düzdür, ümumi fonda istiləşmə Azərbaycanda da gedir. Amma elə yerlər var ki, orada temperatur çox aşağıdır. Bu, şimal-qərb və qərb ərazilərdə müşahidə olunur. Son 100 ildə Azərbaycanda temperatur 0,6-0,8 dərəcə qalxıb”. Bu sözləri Modern.az-a açıqlamasında AMEA-nın müxbir üzvü, Coğrafiya İnstitunun əməkdaşı, professor Ramiz Məmmədov bildirib. Onun sözlərinə görə, əgər əvvəllər Azərbaycan ərazisinin 60%-i meşə ilə örtülü idisə, indi bu, göstərici 8-9% təşkil edir və hazırda ölkə ərazisində torpaqların şoranlaşması və səhralaşma prosesi gedir. “Ümumiyyətlə, səhralaşmanın formalaşmasına iki amil təsir edir. Bunlardan biri təbii, digəri isə antropogen təsirdir. Təbii amillərə birinci növbədə, iqlimin quraqlığı, temperaturun qalxması, yağıntıların azalması, digər tərəfdən isə başqa təbii fəlakətlər – sellər, sürüşmələr, külək eroziyası, torpaqların deqradasiyasını aid etmək olar. Bitki örtüyünün azalması da quraqlaşmaya öz təsirini göstərir. Bu, arid ərazilərə aid olan bir prosesdir. Azərbaycanın ərazisinin 60%-i arid, yəni quraqlıq ərazidir”.
Ramiz Məmmədov qeyd edib ki, ölkəmizdə yağıntıların getdikcə azalması müşahidə olunur. “Belə bir qənaət var ki, iqlim dəyişkənliyi ilə əlaqədar olaraq, arid ərazilərdə yağıntıların miqdarı azalacaq. Təəssüf ki, bu proqnoz özünü doğruldur, Azərbaycanda yağıntıların miqdarı azalır. Elə yer var ki, orada yağıntının miqdarı 15%, 20%, elə də yer var ki, 2% əskilib. Bunların hamısı son nəticədə səhralaşmaya zəmin yaradır”. R.Məmmədovun sözlərinə görə, təbiətə digər təsir antropogen, yəni insan amili ilə bağlıdır. “Antropogen təsir müxtəlif yerlərdə özünü müxtəlif cür büruzə verir. Məsələn, Abşeron yarımadasında səhralaşmaya təsir göstərən texnogen amillər mövcuddur. “ Texnogen fəaliyyət dedikdə, yəni neft hasilatı, yolların salınması və s. başa düşülür. Urbanizasiyadan uzaq, dağlıq ərazilərdə isə başqa bir problem var. Bu da ki, bu yerlərdə otlaqların azalması ilə əlaqədardır. Dağlıq yerlərdə əsas problem həddən artıq otarmadır. Dünya standartına uyğun olaraq, bir hektar yerdə iki inək otarılır, amma Azərbaycanda bu fakt say iki-üç dəfə çoxdur. Elə otlaq yerləri var ki, orada otarma prosesi çox getdiyindən, artıq həmin ərazilərdə asfaltlaşma gedib. 100 il bundan sonra da orada ot bitən deyil. Mal-qoyun çoxdur, ətlə təminat yaxşıdır, amma bu dərəcədə otlaqların azalması inkişafın qorunmaması deməkdir. Balansı qorumaq lazımdır. Azərbaycanda elə yerlər var ki, sözün əsil mənasında klassik səhradır. Coğrafiya İnstitutunun əməkdaşları Mil-Muğan ərazilərində lokal səhralaşmanı müşahidə ediblər. Ölkəmizdə bozqırlar, yəni səhralaşmaya meylli ərazilər çoxdur, amma tam səhralaşma yoxdur. Texniki amillərdən torpaqlarımız şoranlaşmaya məruz qalıb, bu da səhralaşmaya əlavə zəmin yaradıb”.
Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov da ölkəmizdə getdikcə quraqlığın artmasını deyib: “Azərbaycanda son 100 ildə temperaturun artma prosesi gedir. Müxtəlif ərazilərdə bu göstərici fərqlidir. Orta illik temperatur 1 dərəcə civarında artıb. Yağıntıların miqdarını isə müəyyənləşdirmək mümkün deyil. Hazırda selləmə tipli yağışların sayı çoxalıb. Orta aylıq yağıntılar bir-iki günün içərisində düşə bilər. Yəni yağıntıların paylanması dəyişib. G.Süleymanov yaşıllıqların məhvi fikri ilə razılaşmayıb: “Çünki qoruqların sayı artıb, 12-yə çatıb. Ciddi meşə qırma halları yoxdur”.
G.Süleymanovun sözlərinə görə, son 100 ildə Azərbaycanda səhralaşmış, şoranlaşmış ərazilər 40% artıb. Sabirabad, Saatlı, Cəlilabadda şoranlaşmanın qarşısının alınması üçün işlər görülür.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi və Azərbaycan QHT Forumunun ekoloji koordinatoru Telman Zeynalov isə digər mütəxəssislərdən fərqli fikirlər söyləyib:
“İqlim dəyişmələri həmişə olub. Hər 40-50 ildən bir bu cür iqlim dəyişmələri təkrar olunur. Azərbaycan heç də səhralaşmaya, quraqlığa doğru getmir. Əksinə rütubətlik, nəmişlik, yağıntıların miqdarı 30% artır. Gördüyünüz kimi, qış çox sərt keçib. Gələn qış bu qışdan da sərt keçəcək. Bu da onu göstərir ki iqlim soyumaya doğru gedir”.
Bakı dövlət Universitetinin müəllimi, coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov meşələrin azalmasının iqlimə təsir dən əsas amillərdən biri hesab edir. Alimin sözlərinə görə, dünya meşələrinin son 200 ildə 2 dəfə azalması bu dünyada iqlimin xeyli dərəcədə kontinentallaşma meylini göstərir, yəni sərt iqlim şəraiti formalaşır. Azərbaycanda isə son 200 ildə meşələrin sayı 4 dəfə azalıb. Azərbaycanda ərazinin 40%-i düzənlik, 60%-i isə dağlıqdır. Vaxtilə bu düzənlik ərazilərdə, Kür çayı boyunca 240 min hektar ərazini əhatə edən tuqay meşələri olub. İndi bu meşələrə Yevlax, Bərdə, Ağdaşda, qalan ərazilərdə isə kölgə şəkilində rast gəlmək olar. Meşələrin azalması yarımsəhra iqlimini formalaşdırır. “Harada ki meşə var, orada iqlim mülayimdir, hansı ərazilərdəki meşə yoxdur, bu zaman iqlim sərt olur”.
Nihadə Eyyubova