Modern.az

Bakıda "İqlim Dəyişmələri və COP" mövzusunda təlim keçirilir

Bakıda

COP29

13 May 2024, 10:36

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "İqlim Dəyişmələri və COP" mövzusunda təlim keçirilir.

 

Modern.az-ın məlumatına görə, təlimdə ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak edib.

 

ADA Universitetinin Təlim Proqramlarının rəhbəri Nərgiz İsmayılova bildirib ki, COP29 kimi nüfuzlu tədbirin keçirilməsi üçün Azərbaycanın ev sahibliyinin dəstəklənməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.

 

Onun sözlərinə görə, təlimdə iştirakçılara Bakıda keçiriləcək COP29 çərçivəsində əldə olunacaq nailiyyətlər və imzalanması nəzərdə tutulan razılaşmalar barədə məlumat veriləcək.

 

Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə İş və Kommunikasiya Şöbəsinin sektor müdiri Tural Əliyev bildirib ki, bu günlərdə Nairobidə keçirilən beynəlxalq konfransda Afrika ölkələrinin Azərbaycana böyük maraq göstərildiyi vurğulanıb:

 

"Azərbaycanın iqlim dəyişikliyi probleminə verdiyi töhfələr dünya miqyasında böyük rezonans yaradıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan dünyada müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin ümid yeridir. Ölkəmiz bu qəbildən olan ölkələrə daim müxtəlif məsələlərdə öz dəstəyini irəli sürüb. Azərbaycan həmçinin COP29 günlərində atəşkəs təşəbbüsü ilə çıxış edib. Bu da öz növbəsində ölkəmizin sülhsevər dövlət olduğunu göstərir".

 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov isə COP29 BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunub:

 

"Ölkəmiz 2016-cı ildə ratifikasiya olunan Paris sazişi çərçivəsində istixana effekti yaradan qazların 35 faizədək azaldılması ilə bağlı öhdəlik götürüb, sonradan bu öhdəlik 40 faizədək artırılıb. Təəssüflər olsun ki, Azərbaycan qlobal iqlim dəyişikliyi problemindən kənarda qalan ölkələrdən deyil. Lakin dünyada bu öhdəlikləri götürməkdən imtina edən dövlətlər də var. Bu səbəbdən də Azərbaycanın həmin öhdəliklərə sadiq qalan dövlətləri COP29 kimi nüfuzlu tədbirə toplanmasının böyük əhəmiyyəti var”.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bu tədbirə ev sahibliyi etməsi ölkəmizin diplomatik uğurudur:

 

"Azərbaycan bu tədbirin keçirilməsi ilə özünün "yaşıl gündəliyini" dünyaya təqdim etmək imkanı əldə edəcək. Təəssüf ki, dünyadakı bəzi QHT-ləri COP29-un Azərbaycanda keçirilməsi narahat edir. Lakin bu tədbirin ölkəmizdə təşkilinin əhəmiyyəti ilə bağlı təbliğatın aparılmasında qeyri-hökumət təşkilatlarının üzərinə mühüm vəzifə düşür".

 

A. Əliyeva agentliyin bu mühüm konfransın təbliği istiqamətində səylərini davam etdirəcəyini söyləyib.

 

Prezident Administrasiyasının nümayəndəsi Mərziyyə Vəkilova isə vurğulayıb ki, 2030-cu ilədək müəyyən olunan prioritetlərdən biri "yaşıl enerji" resurslarının təşviqindən ibarətdir.

 

O COP29-un təşkilində vətəndaş cəmiyyəti nümayəndələrinin önəmli rol oynayacağına inamını ifadə edib.

 

Təlimdə qeyd olunub ki, analoji təlimlər gələcəkdə də davam etdiriləcək.

 

Daha sonra iştirakçılar qruplara bölünərək, təlim üçün ayrılan auditoriyalara yollanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı