Modern.az

Kral Bakıya dəvət olundu

Kral Bakıya dəvət olundu

COP29

8 İyun 2024, 16:14

Azərbaycanın iqamətgahı Nyu Dehlidə olmaqla eyni zamanda Butan Krallığına təyin olunmuş səfiri Elçin Hüseynli etimadnaməsini Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuka təqdim edib.

 

Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.

 

Bildirilib ki, mərasimdən sonra baş tutan qəbul zamanı Butan Kralı səfiri təyinat münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. O, ölkəsində həyata keçirilən islahatlar, biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi üzrə görülən işlər barədə məlumat verib.

 

Səfir Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edib, 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.

 

Butana səfəri çərçivəsində səfir E.Hüseynli həmçinin ölkənin Baş naziri, xarici işlər və ticarət naziri, Milli Assambleyanın spikeri, Energetika və Təbii Sərvətlər Nazirliyinin katibi ilə görüşüb.

 

Görüşlər zamanı Azərbaycan və Butan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri müzakirə olunub, parlamentlərarası əlaqələr, təhsil, turizm, ətraf mühitin mühafizəsi, bərpa olunan enerji kimi sahələrdə əlaqələrin genişləndirilməsinə maraq ifadə olunub.

 

Hömsöhbətlərə 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında sədrliyi dövründə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə COVID-19 pandemiyasına qarşı qlobal mübarizə üzrə ölkəmizin həyata keçirdiyi önəmli tədbirlər, 80-dən çox ölkəyə göstərdiyi humanitar və maliyyə yardımları, təşkilatın institusional inkişafı üzrə gördüyü işlər barədə məlumat verilib. Səfir COP29-a hazırlıq prosesindən danışaraq, bu əhəmiyyətli beynəlxalq tədbirdə Butanın fəal şəkildə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

 

Həmsöhbətlər ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi dövründə təşəbbüslərini və hazırda iqlim dəyişikliyi üzrə qlobal səylərini alqışlayıblar. Azərbaycanın beynəlxalq təhsil proqramlarında Butan vətəndaşlarının iştirakı üçün yaradılan imkana görə minnətdarlıq ifadə ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti