Modern.az

Xəzərlə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir - Nazirdən çağırış

Xəzərlə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir - Nazirdən çağırış

COP29

10 İyun 2024, 13:36

Son iyirmi il ərzində Xəzər dənizinin səviyyəsində müşahidə olunan azalma təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir və qlobal istiləşmənin mənfi nəticələrinin əyani sübutudur.

 

Modern.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ADA Universitetində ilk dəfə keçirilən "Caspian Blue Horizons" tədbiri çərçivəsində "COP29 ərəfəsində iqlim dayanıqlılığı və Xəzərin dayanıqlılığı üçün elm və biznesin sinerjisi" mövzusunda keçirilən müzakirələrdə deyib.

 

"Caspian Blue Horizons Workshop " seminarının əsas məqsədi tətbiqi elmlər sahəsində ekspertlər və biznes nümayəndələri arasında əməkdaşlığa imkan yaratmaqdır. Onların qarşılıqlı fəaliyyəti Xəzər dənizində suyun səviyyəsinin azalması və ekoloji dəyişikliklərlə bağlı problemlərin həlli üçün innovativ həllərin və effektiv strategiyaların işlənib hazırlanmasına kömək edəcək", - o deyib.

 

Nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin nümayəndələri Tehranda imzalanmış Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası çərçivəsində monitorinq, qiymətləndirmə və məlumat mübadiləsinə dair Protokolun müzakirəsi üçün vaxtaşırı bir araya gəlirlər.

 

"Bu məsləhətləşmələr Xəzər dənizində ekoloji vəziyyətin monitorinqi üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan COP29-a ev sahibliyi edəcək ölkə olaraq seçildiyi gündən regionun digər ölkələri və maraqlı tərəflərlə də aktiv şəkildə qarşılıqlı fəaliyyət göstərir", - deyə o qeyd edib.

 

Onun sözlərinə görə, COP29-a sədrlik çərçivəsində bütün tərəflərin mövqelərini dinləmək üçün dünyanın müxtəlif ölkələrində bir çox görüşlər keçirilib.

 

"Noyabrda СОР29-a uğurla ev sahibliyi etmək üçün bu qarşılıqlı fəaliyyəti davam etdirəcəyik", - deyə o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti