Modern.az

Ölkəmiz COP29-la bağlı qarşıya qoyduğu hədəflərə nail olacaq - Deputat

Ölkəmiz COP29-la bağlı qarşıya qoyduğu hədəflərə nail olacaq - Deputat

COP29

24 İyul 2024, 10:50

“Ölkəmizin mədəniyyət paytaxtı Şuşa tarixi irsi ilə yanaşı Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb. Tarixi Şuşa şəhəri işğaldan azad olunduqdan sonra mühüm yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edib. Şuşa Qlobal Media Forumu da bu baxımdan böyük əhəmiyyət kəsb edir. 20-22 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda mühüm məsələlər müzakirə olunub”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Fatma Yıldırım deyib.


Deputat bildirib ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə platforması rolunu oynayır. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ikinci dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb. Təqdirəlayiq haldır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə də xüsusi diqqət mərkəzində olub. 


Millət vəkilinin sözlərinə görə, Forumun açılışında iştirak edən Prezident İlham Əliyev çoxsaylı sualları ətraflı şəkildə cavablandırdı. Əlbəttə ki, burada regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri, keçmiş məcburi köçkünlərin məskunlaşdırllması və s. məsələlər daxildir. Dövlət başçısının dediyi kimi, əgər Ermənistan Azərbaycanla birlikdə ATƏT-in Minsk qrupunun ləğvi məsələsini qaldırsa, eləcə də öz konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarından imtina etsə, sülh sazişini tezliklə imzalamaq mümkündür. 


Fatma Yıldırım qeyd edib ki, ən vacib məqamlardan biri keçmiş məcburi köçkünlərin dogma yurdlarına qayıtmasıdır. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Artıq birinci “Böyük Qayıdış” dövlət proqramı həyata keçirilir. Birinci mərhələdə dövlətimizin əsas vəzifəsi 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. 2026-cı il də daxil olmaqla Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə təxminən 140 min insanın məskunlaşdırılması nəzərdə tutulur. 


“Forumda Prezident İlham Əliyev COP29-un keçirilməsi məsələsinə də xüsusi diqqət yetirdi. Dövlətimizin başçısı qeyd etdi ki,  bizim COP heyətimiz çox səmərəli işləyir, öz vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırıla bilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan edilib. Burada çox böyük potensial var, həm də Günəş elektrik enerjisi baxımından. BP tərəfindən inşa olunan Günəş Elektrik Stansiyası Cəbrayıl rayonunda tikiləcək. Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyası ilə bağlı böyük planımız var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra ölkəmiz hidroelektrik enerjisi sahəsinə investisiya yatırıb. Ötən üç il ərzində 270 meqavat həcmində su elektrik stansiyaları artıq fəaliyyətdədir. Bu rəqəmin 500 meqavata çatdırılması nəzərdə tutulur. Bütövlükdə, ölkəmiz COP29-la bağlı qarşıya qoyduğu hədəflərə nail olacaq”,-deyə COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri